MƏDƏNİYYƏT


Koreya Respublikasının məşhur səyahət verilişinin heyəti Bakıda çəkiliş edib

Bakı, 14 oktyabr, AZƏRTAC

Cənubi Koreyanın nüfuzlu “KBS” (Korean Broadcasting System) televiziya kanalında yayımlanan və çox populyar olan “Battle Trip” səyahət verilişinin heyəti Bakıda çəkiliş edib.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, məşhur gülüş ustaları və veriliş aparıcıları Kim Sook və Song Euininin rəhbərlik etdiyi heyət çəkilişlərə Heydər Əliyev Beynəlxalq Aeroportundan başlayıb.

Onlar Qobustan və oradakı palçıq vulkanları, Nizami küçəsi, İçərişəhər, Heydər Əliyev Mərkəzi kimi turistlərin daha çox maraq göstərdiyi məkanlardan reportajlar hazırlayıblar.

Qonaqlar Azərbaycan mətbəxi ilə də yaxından tanış olublar və verilişin əsas hissəsi Bakıda yerləşən yerli və xarici restoranlarda çəkilib. Onlar milli mətbəx nümunələri ilə tanış olublar.

Veriliş aparıcıları, həmçinin Bakıda ictimai nəqliyyatdan, o cümlədən metrodan və taksidən istifadə edərək burada nəqliyyatın çox gözəl təşkil olunduğunu qeyd ediblər.

Xatırladaq ki, 2016-cı ildən etibarən hər həftənin şənbə günləri efirə gedən “Battle Trip” əyləncəli səyahət şousu Cənubi Koreya vətəndaşlarının səyahət planlarına və seçimlərinə birbaşa təsir göstərir.

Koreya Respublikası Azərbaycanın turizm təbliğatı üçün yeni və prioritet bazarlardan biridir və burada ölkənin turizm təbliğatı Azərbaycan Turizm Bürosu tərəfindən intensiv olaraq aparılır.

Məlumat üçün bildirək ki, 2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən cənubi koreyalı turistlərin sayı 8 min nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 22.5 faiz artım deməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.