DÜNYA
Koreya müharibəsində həlak olmuş 109 çinli əsgərin qalıqları Çin tərəfinə təhvil verilib VİDEO
Pekin, 2 sentyabr, AZƏRTAC
Koreya müharibəsində həlak olmuş çinli əsgərlərin meyitlərinin qalıqlarının növbəti hissəsi Çinə təhvil verilib.
AZƏRTAC xəbər verir ki, qalıqlar sentyabrın 2-də Cənubi Koreyanın İnçon beynəlxalq hava limanında Çin tərəfinə verilib.
Cəsəd qalıqları Çinin veteran məsələlər naziri Çan Cenquonun rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiətilə xüsusi təyyarədə Şenyan şəhərinə gətirilib. Çinli əsgərlərin cəsədlərinin qalıqları Şenyandakı xüsusi xiyabanda dəfn ediləcək.
Cəsəd qalıqları, habelə Çin əsgərlərinə aid 1226 əşyanın qalıqları 2019-2020-ci illərdə Cənubi Koreyanın 6 bölgəsində aparılan axtarış-qazıntı işləri zamanı aşkarlanıb.
Qeyd edək ki, 1950-1953-cü illərdə Koreya müharibəsi zamanı həlak olmuş çinli əsgərlərin qalıqlarının Çinə təhvil verilməsi barədə 2013-cü ildə iki ölkə arasında razılaşma imzalanıb. İndiyədək ümumilikdə 825 əsgərin cəsədinin qalıqları Çin tərəfinə təhvil verilib.
Koreya müharibəsi zamanı Çin xalq könüllüləri Şimali Koreya tərəfdən vuruşublar. Çin tərəfinin məlumatına əsasən, həmin müharibədə 200 minə yaxın çinli həlak olub, onların çoxu Koreya yarımadasında dəfn edilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin