DÜNYA
Koreya parlamenti bölünmüş ailələrin qovuşmasına çağıran qərar qəbul edib
Bakı, 22 iyun, AZƏRTAC
Koreya Respublikasının parlamenti 1950-1953-cü illər müharibəsində Koreyanın iki yerə parçalanması ilə bölünmüş ailələrin görüşünün təşkilinə çağıran qərar qəbul edib. Görüşün hər iki Koreyada qeyd olunan yarımadanın yapon işğalından xilas olması günü – 15 Avqust Qurtuluş Günündə təşkili təklif olunur.
Qeyd edək ki, Koreyanın iki yerə parçalanması minlərlə ailənin bölünməsinə səbəb olub. Həmin ailələrin üzvləri uzun illər bir-birini görməyə həsrət idilər. Lakin tərəflər arasında əldə edilən razılığa əsasən 2000-ci ildən bəri bu cür görüşlərin təşkilinə başlanılıb. Həmin görüşlərdə Şimali Koreya ilə Cənubi Koreya arasındakı sərhəd bölgədə yaşayan bölünmüş ailələrin üzvləri iştirak edərək, bir neçə saatlıq da olsa bir-birini görmək imkanı qazanıblar. Lakin yarımadada yaranmış gərginliyə görə 2015-ci ildən sonra bu cür görüşlər keçirilmirdi.
Koreya parlamentinin xarici əlaqələr komitəsinin sədri Şim Ce-kvon qərarı şərh edərkən deyib ki, bu cür görüşlər hər iki tərəf arasında qarşılıqlı etimadın bərpasına və ikitərəfli əlaqələrin inkişafına birgə səy ola bilər. Bu, həm də ideologiyadan uzaq olan humanitar bir məsələdir.