ELM VƏ TƏHSİL


Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzi sənaye müəssisələri ilə əməkdaşlığa başlayıb

Bakı, 17 iyul, AZƏRTAC

Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Kim Tonq Op Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Koreya standartları əsasında yeni yaradılan Peşə Təhsil Mərkəzinin cari vəziyyəti ilə tanış olub.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə “HRD Koreya” təşkilatının layihə rəhbəri professor Heo Yo Sydonio mərkəzin cari vəziyyəti, inşaat işləri, təlim şöbələri, avadanlıq təchizatı, layihənin qrafiki barədə məlumat verib. Diqqətə çatdırıb ki, yeni Peşə Təhsil Mərkəzi Azərbaycanda peşə təhsilinin inkişafına, həmçinin rəqabətqabiliyyətli kadr təminatının artırılmasına müsbət təsir edəcək.

Agentliyin direktoru Pərviz Yusifov qlobal sənaye ehtiyaclarına cavab verə biləcək, rəqabətqabiliyyətli kadr hazırlığına istiqamətlənən mərkəzin ölkənin ən qabaqcıl sənaye müəssisələri ilə əməkdaşlığa başladığını və gələcəkdə Koreya şirkətləri ilə müqavilə bağlamağı nəzərdə tutduğunu qeyd edib.

Koreyanın Azərbaycandakı səfiri Kim Tonq Op Peşə Təhsili üzrə Dövlət Agentliyi və ölkəsi arasında əməkdaşlığın daha məhsuldar məcrada davam edəcəyinə ümidvar olduğunu vurğulayıb.

Xatırladaq ki, Mərkəz Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsidir. Ən müasir maddi-texniki baza ilə təchiz edilmiş təhsil kompleksi əsas tədris binası, 2 emalatxana, yataqxana, idman meydançası və digər zəruri infrastrukturu özündə cəmləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.