ELM VƏ TƏHSİL


Koreyada keçiriləcək təlim proqramı insan resurslarının inkişafında mühüm rol oynayır

Bakı, 8 oktyabr, AZƏRTAC

Oktyabrın 11-dən 30-dək Koreya Respublikasında “Yüksək səviyyəli elm, texnologiya və innovasiya (ETİ) siyasəti və strateji inkişaf” mövzusunda keçiriləcək KOICA təlim proqramında Azərbaycanı Bakı Mühəndislik Universiteti Texnoparkının direktor müavini, dosent İsa Qasımov təmsil edəcək. Bununla bağlı KOICA-nın Azərbaycan nümayəndəliyinin ofisində İ.Qasımov ilə tanışlıq görüşü və təqdimat keçirilib.

KOICA-dan AZƏRTAC-a bildirilib ki, təlim proqramının məqsədi Koreyanın iqtisadi inkişaf üçün ETİ siyasətlərinə strateji yanaşmaları, elm texnologiya siyasətinin qurulması və həyata keçirilməsi üçün lazımi əsas elementləri, eləcə də milli inkişaf üçün siyasi vasitələri öyrənmək, elm və texnologiya sahəsində dünya, ayrı-ayrı ölkələrin inkişaf məsələləri və ya problemləri ilə bağlı fikir mübadiləsi aparmaqdır. Təlim Koreya Respublikasının Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) tərəfindən təşkil olunacaq.

Görüşdə KOICA-nın Azərbaycan nümayəndəliyinin proqram əlaqələndiricisi xanım Pərvin Qarazadə bu cür təlim proqramlarının insan resurslarının inkişaf etdirilməsində mühüm rol oynadığını vurğulayıb.

Söhbət zamanı KOICA məzunları tərəfindən illik seminarlar, bilik mübadiləsi proqramları, maarifləndirmə kampaniyaları və xeyriyyə tədbirləri həyata keçirildiyi qeyd edilib. Bildirilib ki, İ.Qasımov bu məqsədlə KOICA Məzunlar Assosiasiyasının tədbirlərində fəal iştirak etməyə və ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində mühüm rol oynamağa dəvət olunub.

Qeyd edək ki, KOICA inkişaf etməkdə olan ölkələr üçün qrant və əməkdaşlıq proqramları həyata keçirmək məqsədilə 1991-ci ildə Koreya Respublikası Xarici İşlər və Ticarət Nazirliyi tabeliyində yaradılmış dövlət agentliyidir. KOICA 1994-cü ildən etibarən azərbaycanlı dövlət qulluqçularını müxtəlif təlim və təqaüd proqramlarına dəvət edir. Bu günə olan statistikaya əsasən, KOICA məzunlarının sayı 680 nəfərdən çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.