ELM VƏ TƏHSİL
Koreyalı alimlər Azərbaycanda çöl tədqiqatı aparıblar
Bakı, 24 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Koreya Respublikası Seul Milli Universiteti arasında torpaqşünaslıq, ekologiya, aqrokimya və torpaqların meliorasiyası, rekultivasiyası və mühafizəsi elmlərinin qarşılıqlı maraq doğuran sahələrində birgə elmi-tədqiqat işlərinin aparılması barədə müqavilə imzalanıb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, həmin sənəddə nəzərdə tutulan müvafiq elmi-tədqiqat proqramlarına əsasən şorlaşmış torpaqların məsafədən tədqiqi istiqamətində iki ölkə arasında elmi–tədqiqat işləri davam etdirilir. Koreyalı və azərbaycanlı alimlər Azərbaycanda şorlaşmış torpaqların vəziyyətini yerində öyrənmək məqsədilə Muğan düzünə, Saatlı və Sabirabad rayonlarına səfər ediblər. Çöl tədqiqatı zamanı Sabirabad rayonunun Minbaşı kəndində fermer təsərrüfatında arpa bitkisi altında şorlanmış torpaqlarda iki metrlik torpaq kəsimi qoyulub. Koreyalı alimlər profil boyu genetik qatları müşahidə ediblər. Sonra gələcək tədqiqat obyektlərinin seçilməsi və digər məsələlər barədə müzakirələr aparılıb.