CƏMİYYƏT


“Koreyanın Elektron Hökumət üzrə İnkişaf Strategiyası” mövzusunda bilik mübadiləsi seminarı keçirilib

Bakı, 9 iyul, AZƏRTAC 

İyulun 9-da Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan nümayəndəliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (VXSİDA) birgə təşkilatçılığı ilə VXSİDA-nın müxtəlif şöbələrindən olan 150 nəfərdən çox mütəxəssis üçün “Koreyanın Elektron Hökumət üzrə İnkişaf Strategiyası” mövzusunda bilik mübadiləsi seminarı keçirilib. Seminar 2017-2019-cu illərdə Koreyada təşkil edilmiş “VXSİDA əməkdaşları üçün vətəndaşlara xidmət üzrə potensialının artırılması” təlim proqramının əsasında hazırlanıb.

KOICA-nın Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, COVID-19 pandemiyası ilə əlaqəli mövcud vəziyyətdən irəli gələrək təqdimatçıların və təlim iştirakçılarının sağlamlığının qorunması məqsədilə və 5 nəfərdən artıq toplaşma qadağasını nəzərə alaraq seminar “Zoom” proqramı ilə virtual formatda təşkil olunub.

KOICA-nın Azərbaycan nümayəndəliyinin ölkə üzrə direktoru Park Kumok açılış nitqində “ASAN xidmət”in müasir texnologiyalardan istifadə etməklə “vahid pəncərə” yanaşmasına əsaslanaraq vətəndaşlara daha asan və əlçatan xidmət göstərən ictimai xidmət sahəsində yeni bir brend olduğunu vurğulayıb. K.Park bildirib ki, Koreya 2000-ci illərdən başlayaraq qabaqcıl İT texnologiyasına əsaslanan elektron hökumət sistemini davamlı olaraq inkişaf etdirib: “Baxmayaraq ki, hər bir ölkənin özünəməxsus xüsusiyyətləri və bənzərsiz mədəniyyəti var. Erkən elektron hökumət siyasətini sınaqdan keçirən Koreyanın təcrübəsini araşdırıb öyrənmək, eyni xəta və uğursuzluqlara uğramadan daha da inkişaf etmiş bir sistem yaratmağa imkan verəcək”, - deyə o qeyd edib.

VXSİDA-nın aparat rəhbəri Azad Cəfərli çıxışında COVID-19 böhranı ilə əlaqədar olaraq elektron hökumət xidmətlərinə dair yeni tələblərin yarandığını və agentliyin İT mütəxəssislərinin pandemiya zamanı ictimai xidmətlərə dair artan tələbatı qarşılamaq üçün yeni tətbiqlər və xidmətlər hazırlamaq məqsədilə səfərbər olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, COVID-19 böhranından sonra rəqəmsal hökumət strategiyalarının hazırlanması səyləri məlumatların qorunması, həmçinin dövlət qurumlarının siyasət və texniki imkanlarının gücləndirilməsinə yönəldilməlidir.

Seminar KOICA Təlim Proqramının məzunları olan VXSİDA-nın Beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Asif Əzizov və baş mütəxəssisi Nəzrin Əliyevanın “Koreyanın Elektron Hökumət üzrə İnkişaf Strategiyası və gələcəkdə Azərbaycana Tətbiq Metodları” barədə təqdimat çıxışları ilə davam edib. Həmin seminar Koreyada təlim proqramında iştirak edə bilməyənlər üçün böyük bir fürsət olub.

Qeyd edək ki, KOICA Qrant Proqramı çərçivəsində 2017-2019-cu illər ərzində VXSİDA və müvafiq dövlət qurumlarının 53 nəfər dövlət rəsmisi üçün Koreyada “VXSİDA-nın əməkdaşları üçün vətəndaşlara xidmət üzrə potensialının artırılması” mövzusunda Ölkə üzrə Spesifik Təlim Proqramı təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.