İQTİSADİYYAT


Koreyanın aparıcı beyin mərkəzləri ilə əlaqələrin qurulması məsələləri müzakirə olunub

Bakı, 3 iyun, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı ilə Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq Op arasında görüş keçirilib.

İİTKM-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Vüsal Qasımlı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan iqtisadi islahatlar, Azərbaycanda strateji idarəetmənin tətbiqi və Kommunikasiya Mərkəzi tərəfindən iqtisadi islahatlar sahəsində tədqiqatlar, monitorinq və qiymətləndirmə fəaliyyəti barədə səfirə ətraflı məlumat verib.

Səfir Kim Tonq Op iki ölkə arasında əlaqələrin səviyyəsindən məmnunluğunu qeyd edib və İİTKM ilə Səfirlik arasında həyata keçirilən birgə layihələrin müvəffəqiyyətlə icra olunduğunu bildirib. Səfir Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutu (KİEP), Koreya İnkişaf Agentliyi (KDİ), Koreya Beynəlxalq İnkişaf Agentliyi (KOİCA) kimi Koreyanın aparıcı beyin mərkəzləri ilə İİTKM arasında birgə tədqiqat və layihələrin həyata keçirilməsi üçün səfirliyin dəstəyinin davam etdiriləcəyinə əminliyini ifadə edib.

Vüsal Qasımlı Azərbaycanın öz torpaqlarını azad etməsinin ardından Zəngəzur dəhlizinin açılması ilə Cənubi Qafqaz regionunun beynəlxalq ticarət və daşımalar baxımından potensialının artması və bu sahədə birgə tədqiqatların aparılmasının hər iki ölkənin maraqlarına xidmət etdiyini vurğulayıb. O, ölkələrimiz arasında ticarət və investisiya sahəsində əməkdaşlığının daha da genişlənməsinin hər iki ölkənin iqtisadi inkişafına öz müsbət töhfəsini verəcəyini qeyd edib. Bu istiqamətdə də birgə tədqiqatların həyata keçirilməsi üçün İİTKM ilə Koreyanın müvafiq beyin mərkəzləri arasında əlaqələrin qurulması məsələləri müzakirə olunub.

Sonda qonağa “Doing Business 2020” islahatları və “Stratji Yol Xəritələrinin Monitorinq və Qiymətləndirmə” nəticələri və Mərkəzin 5 illik yubileyinə dair icmallar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.