İQTİSADİYYAT


Körfəz ölkələrində Azərbaycan istehsalı olan məhsullara böyük maraq var

Bakı, 20 oktyabr, AZƏRTAC

Körfəz ölkələrində Azərbaycan istehsalı olan məhsullara böyük maraq var.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev oktyabrın 20-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda keçirilən Azərbaycan-Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələri biznes-forumunda deyib.

Azərbaycanın biznes mühiti, ölkəmizdə həyata keçirilən islahatlar barədə biznes dairələrin məlumatlandırılması, Azərbaycan-Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələri iş adamları arasında əməkdaşlığın genişləndirilməsi imkanlarının geniş müzakirə edildiyi biznes-forumda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev təşkilata üzv dövlətlərlə Azərbaycan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, qarşılıqlı hörmət və dostluq münasibətlərinin uğurla inkişaf etdiyini diqqətə çatdırıb, yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Azərbaycanda islam həmrəyliyinə önəm verilir. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib, Bakıda 4-cü İslam Həmrəyliyi Oyunları keçirilib. Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələrdən100-ə yaxın iş adamının ölkəmizə səfəri, turizm, maliyyə, sənaye, kənd təsərrüfatı, qida, təhsil, səhiyyə, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 120-yə yaxın azərbaycanlı iş adamının iştirakı ilə keçirilən biznes-forum bu əməkdaşlığa verilən önəmin göstəricisidir. Forum bu formatda ilk belə tədbirdir və iş adamları arasında birbaşa ünsiyyət qurmağa, konkret biznes layihələrini müzakirə etməyə şərait yaradır.

Diqqətə çatdırılıb ki, şuraya üzv olan ölkələr tərəfindən Azərbaycan iqtisadiyyatına 1,3 milyard dollar, Azərbaycan tərəfindən isə 300 milyon dollar investisiya yatırılıb. Azərbaycanda Körfəz ölkələrindən olan 280 şirkət fəaliyyət göstərir. 2016-cı ildə Azərbaycan və Körfəz ölkələri arasında ticarət dövriyyəsi 86 milyon dollar, 2017-ci ilin 8 ayı ərzində isə 40 milyon dollardan çox olub. Vurğulanıb ki, Azərbaycanda fəaliyyət göstərən Körfəz ölkələri şirkətlərinin sayının artırılması, ticarət əlaqələrinin genişləndirilməsi üçün imkanlar genişdir.

Azərbaycan siyasi sabit, təhlükəsiz ölkədir, xalqla iqtidar arasında böyük etimad və bağlılıq var. Azərbaycan Körfəz ölkələrinin investisiyaları üçün əlverişli ölkədir. Nazir Şahin Mustafayev şuraya üzv ölkələrin Azərbaycana investisiya qoyması üçün yaxşı imkanların olduğunu, ölkəmizdə fəaliyyət göstərən sənaye parklarında yaradılmış güzəştli rejimdən istifadə edərək istehsal müəssisələrinin qurula biləcəyini diqqətə çatdırıb. KƏŞ-ə üzv ölkələr Azərbaycanın tranzit imkanlarından istifadə edə bilər. Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı baxımından KƏŞ ölkələri önəmli bazardır. Artıq bir sıra Körfəz ölkələrinə ixrac missiyaları təşkil edilib, Azərbaycan məhsulları KƏŞ ölkələrinin iri ticarət şəbəkələrində satılır. Nazir qeyd edib ki, dekabr ayında Azərbaycanın ixrac missiyası Səudiyyə Ərəbistanına səfər edəcək. Bundan başqa, maşınqayırma, kimya, alternativ enerji, İKT sahələrində də əməkdaşlıq imkanları genişdir. Körfəz ölkələri şirkətləri Azərbaycan İnvestisiya Şirkəti ilə müxtəlif layihələr çərçivəsində əməkdaşlıq edə bilər. Birgə investisiya fondları yaradıla bilər. Artıq bu sahədə təcrübə var – Xəzər Beynəlxalq Əməkdaşlıq Fondu fəaliyyət göstərir. Qətərlə də birgə investisiya fondunun yaradılması istiqamətində müzakirələr aparılır.

Nazir Şahin Mustafayev son 2 ildə viza rejiminin sadələşdirilməsi, eləcə də Körfəz ölkələri ilə Azərbaycan arasında həftə ərzində həyata keçirilən 50 aviareys nəticəsində ölkəmizə gələn Körfəz ölkələri turistlərinin sayının artdığını söyləyib, bildirib ki, gələcəkdə aviareyslərin sayı daha da artırılacaq.

Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Əbdüllətif bin Raşid Əl-Zəyyəni Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 26-cı ildönümü ilə bağlı təbriklərini çatdırıb. Azərbaycana ikinci dəfə səfər etdiyini qeyd edən Əbdüllətif bin Raşid Əl-Zəyyəni ölkəmizin yüksək inkişafını vurğulayıb. Qeyd edilib ki, şuraya üzv ölkələr Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir, əlaqələrimiz uğurla inkişaf edir. Azərbaycana geniştərkibli nümayəndə heyəti ilə səfər bu əlaqələrin genişləndirilməsinə olan böyük marağın göstəricisidir. Əbdüllətif bin Raşid Əl-Zəyyəni səfər zamanı KƏŞ nümayəndə heyətinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edildiyini və görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığa dair geniş fikir mübadiləsinin aparıldığını qeyd edib. Vurğulanıb ki, bu gün ilk dəfə keçirilən Azərbaycan-Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələri biznes-forumunun Azərbaycanın dövlət başçısı tərəfindən elan edilmiş “İslam Həmrəyliyi İli”ndə keçirilməsi diqqətəlayiqdir. Forum iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edilməsi baxımından əhəmiyyətlidir.

Sonra biznes-forum çərçivəsində AZPROMO ilə KƏŞ Ticarət Palataları Federasiyası arasında qarşılıqlı əməkdaşlığa dair, AZPROMO ilə Səudiyyə Ərəbistanının Yanbu şəhərinin Ticarət və Sənaye Palatası arasında qarşılıqlı əməkdaşlıq haqqında və Azərbaycan Standartlaşma İnstitutu və KƏŞ Standartlaşdırma Təşkilatı arasında anlaşma memorandumları imzalanıb.

Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Ticarət Palataları Federasiyasının baş katibi Abdulrahim Hasan Naqi Şuraya üzv ölkələrin iqtisadi-ticarət əlaqələri barədə məlumat verib, Körfəz ölkələrində Azərbaycan istehsalı olan məhsullara böyük maraq olduğunu qeyd edib. Abdulrahim Hasan Naqi keçirilən görüşlərin və aparılan müzakirələrin ticarət əlaqələrinin inkişafına töhfə verəcəyinə əminliyini bildirib, əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb, 2018-ci ildə Bakıda Körfəz ölkələri məhsullarının sərgisinin keçirilməsinə, birgə investisiya fonunun yaradılmasına dair təkliflərlə çıxış edib.

Azərbaycanın investisiya mühiti və biznes imkanları barədə AZPROMO rəhbəri Rüfət Məmmədovun təqdimatı dinlənilib.

Körfəz Sənaye Məsləhəti Təşkilatının baş katibi Abdulaziz Al Agil KƏŞ dövlətlərində ticarət və investisiya məsələləri, şuranın Standartlaşdırma Təşkilatının baş katibi Nabil Molla standartlaşdırmanın iqtisadiyyatda rolu və KƏŞ-in üzv dövlətləri ilə Azərbaycan arasında ticarətin təşviqi və asanlaşdırılması, Səudiyyə Ərəbistanının Yanbu şəhərinin Ticarət və Sənaye Palatasının sədri Murad Əli Alorvai turizm və investisiya imkanları mövzusunda təqdimatlarla çıxış ediblər.

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki ticarət nümayəndəsi Elnur Əliyev ölkəmizlə Səudiyyə Ərəbistanı arasında iqtisadi-ticarət əlaqələrinə dair məlumat verib, iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

Biznes-forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər təşkil edilib, əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.