DÜNYA


Körfəz ölkələrində COVID-19 virusuna yoluxanların və ölənlərin sayı artıb

Qahirə, 7 aprel, AZƏRTAC

Aprelin 6-da Körfəz ölkələrində COVID-19 virusuna yoluxanların və ölənlərin sayı artıb.

AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanında son bir sutka ərzində yeni növ koronavirusdan 4 ölüm faktı qeydə alınıb. Bu ölkədə koronavirusdan həyatını itirənlərin sayı 38 nəfərə çatıb. Səhiyyə Nazirliyinin məlumatına görə, COVID-19 virusuna yoluxanların ümumi sayı 2 min 523 nəfərdir. Onların 47 faizi Krallığın vətəndaşları, 53 faizi isə əcnəbilərdir. Artıq Səudiyyə Ərəbistanının bütün şəhərlərində fövqəladə karantin rejimi tətbiq edilib.

Ötən gün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) koronavirusa 277 nəfər yoluxub, xəstələrin ümumi sayı isə 2 min 76 nəfərə çatıb. Bundan başqa, bir əcnəbi də dünyasını dəyişib və beləliklə, ölənlərin ümumi sayı 10 nəfərdir. Dubay Əmirliyi də 24 saatlıq fövqəladə karantin rejimi tətbiq edib.

Qətərdə ötən gün daha 279 yoluxma halı qeydə alınıb və 88 yaşlı yerli sakin həyatını itirib. QNA agentliyinin xəbərinə görə, koronavirus xəstələrinin ümumi sayı 1604 nəfərə çatıb, indiyədək üç nəfər dünyasını dəyişib.

Küveytdə isə aprelin 6-da koronavirusa 109 nəfər yoluxub. Səhiyyə Nazirliyi indiyədək ölkədə 665 yoluxma halının qeydə alındığını, onlardan 103 nəfəri tam sağalıb, 17 nəfərinin vəziyyəti isə ağırdır.

Oman Səhiyyə Nazirliyi son bir gündə ölkədə daha 33 nəfərin koronavirusa yoluxduğunu, xəstələrin ümumi sayının 331-ə çatdığını bildirib. Sultanlıqda 34 xəstə tamamilə müalicə olunub, iki nəfər isə dünyasını dəyişib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.