DÜNYA
Koronavirus pandemiyası Avstriyada ticarət dövriyyəsinə ağır zərbə vurub
Vyana, 24 iyun, AZƏRTAC
Koronavirus böhranı dünyanın əksər ölkələrində olduğu kimi, Avstriyada da pərakəndə satışla məşğul olan ticarət obyektlərinin son aylar vəziyyətini olduqca dramatik həddə gətirib və vəziyyətin yaxın zamanda sabitləşəcəyini gözləmək çətindir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Avstriya Ticarət Palatasının Ticarət bölməsinin rəhbəri Peter Buxmüller deyib. O, bu məsələ ilə bağlı qeyd edib ki, pərakəndə ticarət sektorunda yalnız ərzaq mallarının satışı böhran dövründə artıb. Lakin ümumilikdə götürdükdə ölkə üzrə mart və aprel aylarında ticarət sektoru ağır itkilərlə üzləşib, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ticarət dövriyyəsi 2 milyard avro azalıb.
P.Buxmüller həmçinin bildirib ki, böhran nəticəsində çox sayda ticarət obyekti və şirkət iflasa uğrayıb, bu davam edəcək. Pərakəndə ticarətin (ərzaq malları istisna olmaqla) 46,2 faiz zəifləməsi fonunda iş yerlərinin itirilməsi və şirkətlərin iflası qaçılmaz olacaq.
Pessimist dəyərləndirmə ilə yanaşı, P.Buxmüller bir sıra müsbət tendensiyaların olduğunu da ifadə edib. Bildirib ki, onlayn pərakəndə satış bu ilin mart-aprel aylarında ötən ilin eyni ayları ilə müqayisədə 600 milyon avro artaraq 1,2 milyard avro təşkil edib.
Ümumilikdə götürdükdə isə Avstriyada ticarət dövriyyəsi aprel ayında 18 faiz aşağı düşüb və bu, Avropa İttifaqı ölkələri arasında orta göstərici sayılır. Böhranın ağır zərbə vurduğu və sərt karantin qaydalarının tətbiq olunduğu İtaliya, Fransa və İspaniyada isə dövriyyə 29,8-32,8 faiz arasında azalıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana