DÜNYA
Koronavirus təhlükəsi ilə əlaqədar Yaponiyadan gedənləri qəbul etmək istəməyən ölkələrin sayı artır
Tokio, 28 fevral, AZƏRTAC
Yeni koronavirus təhlükəsi ilə əlaqədar Yaponiyadan gələnləri qəbul etmək istəməyən və ya müxtəlif məhdudiyyətlər tətbiq edən ölkələrin və ərazi vahidlərinin sayı artmaqda davam edir.
AZƏRTAC Yaponiya Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, Mikroneziya, Samoa, Kiribati, Solomon adaları və Komor adaları virusun qeydə alındığı bütün ölkələrdən və ərazilərdən gələnlərin qəbuluna məhdudiyyət tətbiq edib.
İraq da, həmçinin Yaponiyadan və virusun qeydə alındığı bir sıra ölkələrdən gələnlərin qəbuluna qadağa qoyub.
İsrail virusun qeydə alındığı ölkələrdə və ərazi vahidlərində son 14 gün ərzində olmuş istənilən ölkənin, o cümlədən Yaponiya və Cənubi Koreyanın vətəndaşlarının ölkəyə girişinə qadağa tətbiq edib. Küveyt də analoji addımların atdığını bildirib.
Yaponiyanın Monqolustandakı səfirliyinin yaydığı məlumata görə, bu ölkənin hökuməti fevralın 28-dən başlayaraq, son 14 gün ərzində Yaponiyada, Cənubi Koreyada və İtaliyada olmuş istənilən ölkənin vətəndaşlarının Monqolustana girişini qadağan edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio