CƏMİYYƏT
Koronavirus xəstələri ictimai yerlərdə aşkarlanaraq saxlanılıb
Bakı, 14 aprel, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları aprelin 13-də respublika ərazisində beş nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkar edərək saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, onlardan üç nəfər tibbi prosedurlar gözləməklə yaşadıqları evə qaytarılıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. Vəziyyətləri nisbətən ağır olan iki nəfər isə xəstəxanaya yerləşdirilib.
Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə iki nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.
Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq olunmuş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik.