DÜNYA
Koronavirusa görə Yaponiyada peşəkar idman yarışları təxirə salınır
Tokio, 4 aprel, AZƏRTAC
Yaponiyada yeni koronavirusun yayılması təhlükəsinə görə peşəkar idman yarışları təxirə salınır.
AZƏRTAC xəbər verir ki, aprelin 3-də Yaponiya Sumo Güləşi Federasiyası Tokioda keçirilməsi planlaşdırılan növbəti turniri iki həftə müddətinə mayın 24-dək təxirə salıb. Xatırladaq ki, bu idman növü üzrə son turnir Osaka şəhərində tamaşaçıların iştirakı olmadan keçirilib.
Bundan əlavə, Yaponiyanın 12 peşəkar beysbol komandasının nümayəndələri növbəti mövsümün başlanmasını təxirə salmaq barədə qərar qəbul ediblər. Bildirilir ki, yeni mövsümün başlanması barədə qərar aprelin sonu, mayın əvvəllərində qəbul olunacaq.
“J-League”də iştirak edən futbol klublarının nümayəndələri də aprelin sonunda növbəti mövsümün başlanması barədə planlarından imtina ediblər. Növbəti mövsümün ən tez halda bir ay sonra başlanacağı qeyd edilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio