Koronavirusa qarşı vaksin hazırlayan azərbaycanlı alim BDU-da elmi seminar keçirib
AzerTAg.az
Bakı, 29 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin məzunu, AMEA-ın müxbir üzvü, Türkiyənin Akdeniz Universitetinin Molekulyar Biotexnologiya Mərkəzinin rəhbəri professor Tərlan Məmmədov tərəfindən “Vaksin və terapevtik proteinlərin işlənib-hazırlanması: malyariya, qarayara, quduzluq və COVID-19-a qarşı bitki əsaslı vaksin və terapevtik proteinlərin preklinik tədqiqatlari” mövzusunda elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Tələbələrin iştirak etdikləri tədbirdə professor Tərlan Məmmədov son illərdə geniş yayılmış COVID-19 virusuna qarşı və digər vaksinlər haqqında ətraflı məlumat verib. Bildirib ki, onun rəhbərliyi ilə komandası tərəfindən hazırlanmış vaksin COVID-19 virusunun bütün variantlarına qarşı effektlidir.
T.Məmmədov artıq bir neçə önəmli vaksinin, o cümlədən qarayara, malyariya və quduzluq kimi xəstəliklərə qarşı vaksinlərin hazırlanması ilə əlaqədar preklinik tədqiqatların başa çatdığını və insanlar üzərində sınaqlardan keçmə mərhələsində olduğunu deyib.
Sonra suallar cavablandırılıb.



Xəbərin mətnində orfoqrafik səhv var