DÜNYA


Koronavirusa qarşı vaksinlərin əqli mülkiyyət hüququ qismən aradan qaldırılacaq

Cenevrə, 17 iyun, AZƏRTAC

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) 12-ci Nazirlər Konfransında koronavirusa qarşı vaksinlərin əqli mülkiyyət hüququndan istifadənin qismən aradan qaldırılmasına dair razılıq əldə edilib.

AZƏRTAC xəbər verir ki, uzun müddətdən bəri ətrafında qızğın müzakirələrin getdiyi bu məsələ ilə bağlı üzv ölkələr yekdilliklə patent hüququnun dayandırılmasına tərəfdar olub. Bununla da dünyanın inkişaf etməkdə olan ölkələri COVID-19 xəstəliyinə qarşı peyvənd istehsalını həyata keçirə biləcəklər.

Konfransda eyni zamanda bir sıra digər razılaşmalar da əldə edilib. Onların arasında qanunsuz və qeyri-müntəzəm balıqçılığa qarşı mübarizəni ehtiva edən balıqçılıq haqqında saziş xüsusi önəm daşıyır. ÜTT baş direktoru Nqozi Okonyo-İveala bildirib ki, təşkilat tarixində uzun müddətdən bəri bu qədər multilateral nəticə əldə edilməyib. Qəbul olunmuş sənədlər paketi planetimizdə hamının həyatına öz müsbət təsirini göstərəcək. O, ÜTT-nin dövrümüzün çağırışlarına verdiyi reaksiyanı təqdir edib.

İyunun 12-də başlayan konfrans iyunun 17-dək davam edib. Konfransın müddətinin uzanması üzv ölkələr arasında fikir ayrılığı ilə bağlı olub, lakin yekun nəticədə konsensusun əldə edilməsi mümkün olub. Üzv dövlətlər ərzaq təminatına diqqəti artırmaq barədə razılığa gəliblər və beynəlxalq ticarətdə gömrük tətbiqini qadağan edən razılaşmanın müddətini uzadıblar.

Konfransda, həmçinin ÜTT strukturunun islahatına dair fəaliyyət proqramı qəbul olunub.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.