İDMAN
Koronavirusa yoluxduğu güman edilən Uqanda komandası Yaponiyada karantinə yerləşdirilib
Tokio, 23 iyun, AZƏRTAC
“Tokio-2020” Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Yaponiyaya gələn və koronavirusa yoluxduğu güman edilən Uqanda komandası iyulun 3-dək karantinə yerləşdirilib.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, komandanın tərkibində səkkiz nəfərin olduğu bildirilir.
Qeyd edilir ki, Uqanda komandası iyunun 20-də Tokionun “Narita” aeroportunda yerə endikdən sonra oyunçulardan birində koronavirus aşkar edilib. Onun Yaponiyaya gəlişi qadağan edilsə də, komandanın digər səkkiz üzvü avtobusla ölkənin qərbindəki İzumisano şəhərinə yola salınıb. Həmin şəhərə çatdıqdan sonra həkimin suallarını cavablandıran komanda üzvləri bu şəxslə son günlər sıx təmasda olduqlarını bildiriblər. Nəticədə idmançıların mehmanxanada təcrid edilmələri qərara alınıb. Bu idmançılardan hər gün koronavirus testi götürüləcək.
Bildirilir ki, bu, Olimpiadada iştirak etmək üçün Yaponiyaya gələn idmançıda yoluxma halının qeydə alındığı ilk hadisədir. Həmçinin idmançının Yaponiyaya gəlməzdən əvvəl iki doza “AstraZeneca” vaksini aldığı və Uqandadan uçmazdan 72 saat əvvəl mənfi koronovirus testi verdiyi də bildirilir.
Xatırladaq ki, “Tokio-2020” Yay Olimpiya və Paralimpiya Oyunları ötən il keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə yarışların təşkili bir il müddətinə təxirə salınıb. Cari il martın 20-də təşkilatçıların qəbul etdiyi qərara görə, əcnəbi azarkeşlər yarışlara buraxılmayacaq. İyunun 21-də isə Oyunlara 10 min yerli tamaşaçının buraxılması və idman obyektlərində onların sayının 50 faizdən çox olmaması barədə qərar qəbul edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio