CƏMİYYƏT
Koronavirusdan qorxmağa, ona görə narahatlıq keçirməyə əsas yoxdur
Bakı, 29 fevral, AZƏRTAC
Təəssüf ki, sosial şəbəkələrdə, bəzi saytlarda koronavirus haqqında əhalini təşvişə salacaq məlumatlar yayılır. Həmin məlumatlar insanlarda daha çox qorxuya səbəb olur, nəinki koronavirusun mövcudluğu. Virusun ağciyəri zədələmə ehtimalı olsa da, bu, hər xəstədə qeydə alınmır. Həmin xəstəlikdən ölənlərin sayı adi qriplə müqayisədə yüksək deyil. Ona görə də bu qədər narahatlığa səbəb yoxdur.
Bu sözləri AZƏRTAC-a müsahibəsində tanınmış həkim-psixoterapevt Əli Nağıyev deyib.
“Koronavirusdan ölənlər əsasən yaşlı, ahıl insanlardır. İmmuniteti güclü olan şəxslər xəstəliyə yoluxmur, yoluxsa da sağalırlar. Virus 82 mindən çox insanda aşkarlansa da, ondan təqribən 2800 xəstə vəfat edib. Yəni, ölüm ehtimalı 3-4 faizdir.
Təbii ki, koronavirusa qarşı tədbirlər görülməlidir. Virusa yoluxanlar karantinə alınmalıdır. Bu, o demək deyil ki, koronavirusa yoluxanların hamısı öləcək. Nəinki koronavirusdan digər qrip viruslarından qorunmağa çalışın. Kimdəsə qrip əlamətləri gördükdə ona tibbi maskalardan istifadə etməsini tövsiyə edin, onlarla çox yaxın təmaslardan çəkinin. Bunlar bütün yoluxucu viruslar üçün vacib qaydalardır. Sosial şəbəkələrdə yayılan səs yazılarına, əsası olmayan faktlara inanmayın. Bu xəstəlik haqqında internetdə, rəsmi saytlarda məlumatlar var. Əgər xəstəlik haqqında həqiqəti əks etdirən məlumatları oxusanız, o zaman qorxularınız azalacaq və psixoloji cəhətdən də rahat olacaqsınız”, - deyə Ə.Nağıyev diqqətə çatdırıb.
Onun sözlərinə görə, dünyada digər xəstəliklər və avtomobil qəzaları səbəbindən vəfat edənlərin sayı az deyil. Ona görə də koronavirusdan qorxmamaq, sadəcə, immuniteti möhkəmləndirmək və gigiyena qaydalarına əməl etmək lazımdır.
Xatırladaq ki, koronavirusun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb. Qərargah Azərbaycanda ilk koronavirus (COVID-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib. Xəstələnən şəxs 23 yaşlı Rusiya Federasiyasının vətəndaşıdır. İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub.
Hazırda Azərbaycanda 224 nəfər karantində saxlanılır.