REGİONLAR


Koronavirusdan sağalan 65 yaşlı Quba sakini: Evə qayıdacağıma ümidim yox idi VİDEO

Quba, 29 noyabr, Elxan Yusifli, AZƏRTAC

COVID-19 infeksiyası hər gün can almaqda davam edir. Amma təəssüf ki, hələ də koronavirusun yarada biləcəyi fəsadları ciddiyə almayıb özünün və ətrafındakıların həyatını heçə sayanlar var.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki ay əvvələ kimi gözəgörünməz bəlanın varlığına inanmayan 65 yaşlı Mirzəbala Muradov ölümün pəncəsindən son anda qurtula bilib. Qubanın Küsnətqama kəndinin sakini həyatda qalmasını möcüzə adlandırır.

“Sözün düzü, mən əvvəllər bu virusun varlığına inanmırdım. Özüm yoluxandan sonra gördüm ki, vəziyyət yaxşı deyil. Xəstəxanaya gedib analiz verdim. Mənə zəng edib bildirdilər ki, testin cavabı pozitivdir, xəstəliyə yoluxmuşam. Özümü çox pis hiss edirdim. Xəstəxanada rentgen müayinəsindən keçdikdən sonra, bildirdilər ki, stasionar müalicə olunmalıyam. Amma mən öz istəyimlə evdə müalicə olunmağı seçdim. Nəticənin belə ağır olacağını ağlıma gətirməzdim”, - deyə Mirzəbala Muradov bildirib.

Mirzəbala Muradov koronavirus xəstəliyini çox ağır formada keçirdiyini söyləyib. Müalicəsini evdə davam etdirən Mirzəbala kişinin hər keçən gün vəziyyəti daha da ağırlaşıb. Bir müddət sonra xəstəlik ailə üzvlərinə də yoluxub. Mirzəbala Muradovun həyat yoldaşı evdə müalicə olunsa da, qızı xəstəxanaya yerləşdirilib.

“Qızım xəstəliyi nisbətən yüngül keçirdi. Səkkiz gün xəstəxanada müalicədən sonra evə buraxdılar. Amma bu vaxt həyat yoldaşımın vəziyyəti çox ağırlaşmışdı. Təcili yardımla xəstəxanaya çatdırdıq. Bizi rentgen müayinəsindən sonra xəstəxanaya yerləşdirdilər. Sağalıb evə qayıdacağıma ümidim yox idi. Çünki mən əvvəlcədən qaraciyər sirrozundan, təzyiq xəstəliyindən əziyyət çəkirdim. Bircə arzulayırdım ki, yoldaşıma bir şey olmasın”, - deyə Mirzəbala Muradov bildirib.

Xəstəliyi daha da ağırlaşan M.Muradov və həyat yoldaşı süni tənəffüs aparatına qoşulub. Bir həftə reanimasiya şöbəsində müalicə aldıqdan sonra Muradovlar ailəsinin vəziyyəti yaxşılaşmağa başlayıb. Mirzəbala Muradov bildirir ki, həkimlərin səyi nəticəsində həyatda qalıb.

COVID-19 infeksiyasından müalicə olunan Mirzəbala Muradov hamıya peyvənd olunmağı tövsiyə edir. “Mən ölümdən döndüm. Həkimlərə, tibb bacılarına minnətdaram. Hamıya diqqətli olmağı tövsiyə edirəm. Mütləq peyvənd olunmaq lazımdır. Xəstəliyin əlamətləri olduqda isə dərhal həkimə müraciət etmək lazımdır. Əks halda, nəticə çox pis ola bilər”, - deyə M.Muradov söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.