CƏMİYYƏT


Koronavirusla bağlı baş verəcək fəsadlaşmaların qarşısını almaq üçün hər kəs vətəndaş məsuliyyəti nümayiş etdirməlidir

Bakı, 15 oktyabr, AZƏRTAC 

Otuz ilə yaxındır düşmən tapdağında olan bir sıra şəhər, kənd və vacib yüksəkliklərin erməni vandallarından xilası hər bir Azərbaycan vətəndaşının ürəyini dağa döndərir. Düşməni öz döyüşkən ruhu, qəzəbi və amansız mübarizəsi ilə lərzəyə salan ordumuza dəstək üçün xalqımızın həmrəyliyi, ön cəbhədə əsl qəhrəmanlıq göstərən oğullara dəstək məqsədilə hər kəsin bir yumruq kimi birləşməsi, eyni hədəfə vurulan zərbələr mənfur qonşularımız və onların havadarlarının ciddi narahatlığına səbəb olur. Hər kəs uzun illər keçsə də, nəsillər dəyişsə də bu xalqın qəlbindən vətən, torpaq sevgisinin heç bir vəchlə silinmədiyinin, Azərbaycan oğullarının döyüş meydanında sərgilədiyi rəşadətin şahididir. Hər kəsin ürəyi ön cəbhədə, barmaqlarını tətikdən çəkməyən hərbçilərimizin yanındadır. Qəhrəman oğulların şəhid olması ürəyimizi yandırsa da, əzmimiz qırılmır. Əksinə, yağı düşmənə daha kəskin zərbələr endirmək, şəhidlərimizin qisasını almaq üçün irəli atılır, onlara əsl döyüşün, əsl mübarizənin, əsl Vətən sevgisinin necə olduğunu göstəririk. Əzmimiz, inamımız və birgə mübarizəmiz tezliklə bizi uzun illərdir həsrətində olduğumuz torpaqlara qovuşduracaq.

AZƏRTAC xəbər verir ki, bunu “Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyinin sədri Fikrət Xəlilov deyib.

“Son zamanlar bütün diqqətimiz torpağımızın düşmən tapdağından azad edilməsi uğrunda döyüşlərə yönəldiyi üçün neçə aydır aramızda dolaşan “gözə görünməyən” düşmənə - yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı ayıq-sayıqlığımızı bir az itirmişik. Xüsusi karantin rejiminin qaydaları, mütəxəssislərin aylardan bəri dönə-dönə verdiyi tövsiyələrə əməl etməyi sanki axsatmışıq. Son bir neçə günə qədər müşahidə olunan müsbət dinamika əksəriyyətimizdə pandemiyanın bitdiyi təsəvvürünü yaradıb. Kütləvi toplanma halları artıb, maskanın istifadəsi ya azalıb, ya da düzgün istifadə olunmaması halları artıb, sosial məsafə gözlənilmir. Bunun da nəticəsi artan yoluxma göstəriciləridir. Payız-qış mövsümündə belə laqeyd yanaşma xüsusilə təhlükəlidir. Ona görə də baş verəcək fəsadlaşmaların qarşısını almaq üçün hər kəsi gecikmədən vətəndaş məsuliyyəti nümayiş etdirməyə səsləyirəm. Hər birimiz kütləvi toplanma yerlərindən bacardıqca kənar olaq, vətəndaşların sıx olduğu yerlərdə maskadan düzgün istifadə edək, əl gigiyenasına riayət edək, sosial məsafəni saxlayaq və ətrafdakılara nümunə olaq, bunu onlara aşılayaq. O zaman virusun bizi üstələməsinin qarşısını ala bilərik”, - deyə təşkilatın sədri bildirib.

Fikrət Xəlilov vətəndaşları Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etməyə çağırıb: “Bunlar əsasən şəxsi gigiyena qaydalarına söykənir ki, biz adi həyatımızda da həmişə bunu rəhbər tutmalıyıq. Hazırda həmin qaydalara əməl etməyənlər də az deyil. Ümumiyyətlə, insan o qaydalara, tələblərə qarşı məsuliyyətli olur ki, onlara uşaqlıqdan vərdiş etsin. Bu səbəbdən yaxşı olardı ki, uşaqlarımıza birinci sinifdən etibarən şəxsi gigiyena qaydaları tədris olunsun. Vərdişlər bildiyimiz kimi əsas etibarilə uşaqkən yaranır və insanın həyat tərzinə çevrilir.

Hamıya cansağlığı və xalqımıza mənfur düşmən üzərində parlaq qələbə arzulayıram”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.