İQTİSADİYYAT


Koronavirusla bağlı zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsinə başlanılıb

Bakı, 9 aprel, AZƏRTAC

Koronavirus pandemiyası nəticəsində zərərə məruz qalmış sahibkarlara maliyyə dəstəyinin göstərilməsinə başlanılıb.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, koronavirus (COVID-19) pandemiyasının və dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamına uyğun olaraq Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli Sərəncamı ilə təsdiqlənən Tədbirlər Planının icrasını təmin etmək məqsədilə koronavirus pandemiyası nəticəsində zərərə məruz qalmış iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarlara maliyyə dəstəyinin göstərilməsinə başlanılıb.

Aprelin 9-da Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən İqtisadiyyat Nazirliyinin təqdim etdiyi ilkin sifarişlər əsasında iş yerlərinin və sosial sabitliyin qorunması istiqamətində pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının ödənilməsi üçün 698 vergiödəyicisinə 1 milyon 728 min manat, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 533 fərdi (mikro) sahibkara isə 637 min manat vəsait onların müvafiq bank hesablarına köçürülüb.

Tədbirlər Planına uyğun olaraq sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin ödənilməsi İqtisadiyyat Nazirliyinin təqdim etdiyi sifarişlər əsasında xəzinədarlıq orqanları tərəfindən gündəlik əsasda davam etdiriləcək. Həmin sifarişlər pandemiya nəticəsində zərərə məruz qalmış iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarların müraciəti əsasında İqtisadiyyat Nazirliyi tərəfindən formalaşdırılaraq Maliyyə Nazirliyinə təqdim olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.