İQTİSADİYYAT


Koronavirusla mübarizə yollarını araşdıran “Virtual Hackathon”a yerli və beynəlxalq səviyyədə maraq artır

Bakı, 3 aprel, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və “SUP.VC”nin koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə təşkil etdiyi virtual hakatonu dəstəkləyənlər çoxalır.

BMT-nin İnkişaf Proqramından AZƏRTAC-a bildirilib ki, aprelin 10-12-də onlayn şəkildə keçirilməsi nəzərdə tutulan hakatonun tərəfdaşları sırasında Təhsil Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Paşa Bank”, ABAD, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Məlumat Hesablama Mərkəzi yer alır.

Hakatona beynəlxalq müstəvidən “Amazon” veb xidmətləri, təcrübəli mentorlardan ibarət “Meout” təşkilatı, startap ekosisteminin tanınmış qurumlarından olan “Startup Grind Tbilisi”, “Start-Ist” və Avropa Startap Şəbəkəsi qoşulub.

Hakaton təhsil, səhiyyə, bizneslərə dəstək, turizm, məlumatlılığın artırılması və gündəlik xidmət tələbatlarının qarşılanması, sosial-humanitar kimi sahələrdə cari pandemiya ilə əlaqədar yaranmış təsirləri və fəsadları aradan qaldıran texnoloji həlləri bir araya yığmağı hədəfləyir.

Qeyd edək ki, hakaton qlobal səviyyədə keçirilir və bütün ölkələrdən iştirakçıların müraciəti üçün açıqdır. İdeyalar, elan edilən mövzular üzrə çoxillik təcrübəyə malik yerli və beynəlxalq mütəxəssislərdən ibarət münsiflər heyətinə təqdim ediləcək. Təklif olunan həll yolu - asan və tez tətbiq olunması, eləcə də çətinliyi effektiv və daha qənaətli şəkildə həll etməsi və digər meyarlara əsasən qiymətləndiriləcək.

Dünyanın müxtəlif ölkələrindən olan parlaq zəkalarla birgə hakatonda iştirak etmək üçün “www.hackcov19.com” saytında qeydiyyatdan keçərək ideyanızı təqdim edə bilərsiniz. Virtual hakatonun mükafat fondu 10 min ABŞ dollarıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.