CƏMİYYƏT
Koronavirusun Hindistan ştammının yayılma sürəti ÜST-də narahatlıq doğurur
Bakı, 3 iyun, AZƏRTAC
Koronavirusun yeni mutasiyalarının, xüsusən Hindistan ştammının sürətlə yayılması son zamanlar yoluxmaların sayının azalması fonunda da narahatlıq doğuran səbəbdir.
AZƏRTAC xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Klyuge bu fikrini Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forum məkanında TASS agentliyinə müsahibəsində söyləyib.
O deyib: “Mən nikbinəm, lakin ehtiyatlı adamam, çünki qarışıq mənzərə yaranıb. Koronavirusla bağlı ölüm, yoluxma və xəstəxanaya yatırılma hallarının sayı azalır. Vaksinləmə geniş miqyas aldıqca xüsusən ahıl yaşlı insanlar arasında ölüm hallarının sayı həqiqətən azalır. Lakin narahat olmaq üçün əsas var – virusun yeni mutasiyaları, xüsusən B1617 adlandırılan Hindistan ştammı qat-qat sürətlə yayılır”.
Klyugenin sözlərinə görə, pandemiyaya qarşı mübarizənin uğurlu olması üçün hər kəs vaksinasiyaya məsuliyyətlə yanaşmalıdır. ÜST-nin regional büro rəhbəri deyib: “Biz peyvəndləmə məsələsinə inamla yanaşmalıyıq. Bir həftə bundan əvvəl mənim növbəm çatanda peyvənd elətdirdim”.
Onun sözlərinə görə, maska rejiminə yenə riayət etmək, əhalini qoruyucu tədbirlər barədə geniş məlumatlandırmaq lazımdır.