CƏMİYYƏT
Koronavirusun ən dəqiq 3D-modeli yaradılıb
Bakı, 11 noyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanın Kral Abdullah Elm və Texnologiya Universitetinin alimləri koronavirusun ən dəqiq 3D modelini yaradıblar.
AZƏRTAC “RİA Novosti”yə istinadla xəbər verir ki, universitetin saytında modelin inkişafı üçün mikroskop vasitəsilə çəkilən şəkillər və zülalların məlumat bazasının istifadə edildiyi bildirilir.
Alimlərin sözlərinə görə onların modeli atomlar səviyyəsində SARS-CoV-2 virusunun müasir strukturunu nümayiş etdirir və bundan əvvəl görünməsi mümkün olmayan detalları aşkar edir.
“Bizim model sadəcə olaraq lipid membranda təsadüfən yerləşdirilmiş natamam tikan-zülalları deyil, hazırda bildiyimiz şəkildə virusun tam ultrastrukturunu göstərir”, - deyə, tədqiqatın müəlliflərindən biri Nqan Nguyen qeyd edib.
Alimlər hesab edirlər ki, onların modeli virusun bundan əvvəl öyrənilməyən aspektlərini araşdırmağa və COVID-19 qarşı dərmanların hazırlanmasını sürətləndirməyə imkan verir.