CƏMİYYƏT


Koronavirusun istənilən ştamından qorunmaq üçün peyvənd olunmaq və gigiyenik qaydalara əməl etmək lazımdır

Bakı, 22 oktyabr, AZƏRTAC

Son günlər yeni növ koronavirus (COVID-19) infeksiyası ilə yoluxma sayında dinamik artım müşahidə olunur. Bu, təkcə vətəndaşlar deyil, hətta həkimlər arasında da narahatlığa səbəb olub. Sosial şəbəkələrdə yenidən məhdudiyyətlərin tətbiqi, ali və orta ixtisas peşə məktəbləri, xüsusən orta məktəblərdə distant tədrisə keçidin zəruriliyi haqında müxtəlif fikirlər səsləndirilir. Mən bir müddət əvvəl qarşıdakı aylarda viral infeksiyaların dəfələrlə artacağı haqqında fikirlərimi söyləmişdim.

AZƏRTAC xəbər verir ki, professor Musa Qəniyev bu sözləri yeni növ koronavirus (COVID-19) infeksiyasının artım dinamikası barədə danışarkən deyib.

O bildirib ki, insan orqanizminin 100 trilyon hüceyrəsinin yalnız 32,2 faizi, yəni 32,2 trilyonu orqanizmə məxsus spesifik hüceyrələrdir: "Digər 68,8 trilyon hüceyrə isə mikrob, virus, bakteriya və s. kimi patogen, şərti-patogen və saprofit mikroorqanizmlərdir. Uzunmüddətli birbaşa ünsiyyət və mütəmadi kontakt olmayan hallarda, fərdlər arasında həmin mikroorqanizmlərdə “yadlaşma” və simbiozluğa “əks müqavimət” halı yaranır. Ona görə də il yarım çəkən fərdi təcrid rejimindən sonra, ilk dəfə birbaşa kontakt və ünsiyyət formasına keçid fərdlər arasında koronavirus ştamlarına münasibətdə “nisbi yadlaşma və əks müqavimət” hal yaranıb. Beləliklə, pandemiyadan əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə, növbəti noyabr və dekabr ayının 1-2-ci ongünlüyündə virus təbiətli infeksiyalara yoluxma halı 2-3, hətta 4-5 və daha artıq dəfə arta bilər. COVID-19-la müqayisədə, diaqnostik səhvə yol verilməyəcəyi təqdirdə, bu hal qorxulu vəziyyət kimi dəyərləndirilməməlidir. Çünki, növbəti aylardan başlayaraq, kollektiv kontaktda “nisbi uyğunsuzluq” halı aradan qalxacaq və istənilən viral infeksiyaya yoluxmada əvvəlki illərdə olan “nisbi tarazlıq” tam bərpa olunacaq".

M.Qəniyevin dediyinə görə, Britaniyanın “The Telegraph” agentliyi də pandemiyadan əvvəlki illərlə müqayisədə hazırda yuxarı tənəffüs yollarının katarı əlamətlərilə müşahidə olunan viral infeksiyaların kəskin artdığını qeyd edir: "Mütəxəssislər bunu hətta "super qrip" və ya "super soyuqlama" adlandırılan yeni virus ştamlarının əmələgəlmə ehtimalı ilə izah etməyə çalışırlar. Bu ştamın törətdiyi əsas klinik əlamətlərin boğazda ağrı, burunun axması, öskürək, qoxu hissinin itməsi, yorğunluq kimi, koronavirusa xas olan əlamətlər olduğu bildirilir. İddia olunur ki, bu simptomlar adi soyuqlama və ya qriplə müqayisədə daha güclü və daha uzunmüddətli olur. "Super qrip" zamanı yalnız simptomatik müalicə və sakitlik rejiminə əməl olunması tələb olunur.

Hazırda COVID-19-un simptomlarının çox dəyişdiyini iddia edirlər. Adi soyuqlama və qripin əksər klinik əlamətləri koronavirusa yoluxmanın ilk günlərində müşahidə olunan klinik əlamətlərdən, demək olar ki, fərqlənmir. Odur ki, kəskin artımla özünü göstərən qrip və adi soyuqlamanın dəyərləndirilməsində, diaqnostik səhvə yol yerilməməli və fəsli infeksiyalar COVID-19-la qarışdırılmamalıdır. Əks hal, əhali arasında gərginlik, panika və qorxu kimi arzuolunmaz və idarəolunmaz bir hal yarada bilər. Nəticədə məhdudiyyət və karantin tədbirlərinin əsassız da olsa, tətbiqinə zəmin yaranar. Odur ki, xəstələrə yanaşma, xüsusən diaqnostik qiymətləndirmədə səhv etmək olmaz".

Həkim-mütəxəssis qeyd edib ki, COVID-19 yoluxdurma göstəricisinə görə 10 ən geniş yayılmış viral infeksiya içərisində 5-ci (Ro indeksi 2,2-dir), letallıq göstəricisinə görə isə 6-cı yerdədir. Yəni, hər 100 xəstəyə 3,6 faiz ölüm halı düşür. Ona görə də COVID-19-un hazırda müşahidə olunan artım dinamikasına fəsli xarakter daşıyan viral infeksiyaların total artımının faiz nisbəti kimi baxılmalıdır. Fəsli infeksiyalar hər il təkrar-təkrar yoluxduğumuz fəsli qrip, adenovirus və s. viral infeksiyalardır. Bu baxımdan, vətəndaşlara yardım etmək və onları düzgün maarifləndirmək lazımdır ki, adi gigiyenik qaydalara riayət edib, normal həyat ritmlərini bərpa etsinlər. Koronavirusdan qorxub stres keçirmək lazım deyil, sadəcə vaksinasiya olunmaq və gigiyenik qaydalara əməl etmək lazımdır".

Qeyd edək ki, bir sıra ölkələrdə, o cümlədən qonşu Rusiyada COVID-19 infeksiyasının yeni AY.4.2 mutasiyası qeydə alınıb. Həmin ştamın "delta" ştamı ilə müqayisədə daha yoluxdurucu olduğu, bir xəstənin təxminən 9 nəfəri yoluxdura biləcəyi barədə məlumatlar var. Yeni mutasiyanın simptomlarının daha qısa vaxtda özünü büruzə verməsi COVID-19-la mübarizədə vaksinasiyasının əhəmiyyətini bir daha vurğulayır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin mütəxəssisləri də vətəndaşları vaksinasiyada aktiv iştirak etməyə, risk qrupuna daxil olanları isə buster doza ilə peyvəndlənməyə çağırır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.