CƏMİYYƏT


Koronavirusun mutasiyaya uğramış variantları getdikcə daha çox ölkədə aşkarlanır

Cenevrə, 17 fevral, AZƏRTAC

Koronavirusun ilk dəfə Böyük Britaniyada aşkarlanan B.1.1.7 ştammı artıq dünyanın 94 ölkəsində qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yayıb. Məlumatda bildirilir ki, ilk dəfə Cənubi Afrika Respublikasında aşkarlanan B.1.351 ştammının 46 ölkədə, Braziliya və Yaponiyada rastlanan P.1 ştammının isə 21 ölkədə yayıldığı rəsmi olaraq təsdiqlənib.

Beynəlxalq qurumdan, həmçinin bildirilib ki, koronavirusa ümumi yoluxma hallarının dünya üzrə azalması heç də arxayınlaşmağa əsas verməməlidir, çünki virusun variantları nəzərəçarpmadan yayılmaqdadırlar. Bir çox ölkədə bu variantların qeydiyyata alınmaması onların statistikasını aşağı göstərsə də, qeyri-rəsmi göstəricilərin daha da yüksək olma ehtimalı var.

Qeyd edilməlidir ki, ÜST-nin məlumatlarına görə, ötən həftə dünya üzrə 2,7 milyon yeni yoluxma halı rəsmiləşdirilib. Bu isə öncəki həftədən 500 min yoluxma halı və ya 16 faiz aşağı göstəricidir. Bu il yanvar ayının ilk həftəsində dünya üzrə yoluxma halları təxminən 5 milyona yaxın idi və tədricən azalmaqdadır. ÜST-nin statistikasında həftəlik ölüm hallarının da 10 faiz aşağı düşməsi qeyd edilib.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.