REGİONLAR


Koronavirusun ölkə ərazisinə keçməməsi üçün İranla sərhəd buraxılış məntəqəsində hansı tədbirlər görülür? – Astaradan reportaj VİDEO

Astara, 22 fevral, İsmayıl Cəfərli, AZƏRTAC 

İranda yeni tip koronavirusa yoluxma və ölüm hallarının aşkarlanması ilə əlaqədar Azərbaycanla bu ölkə arasındakı Astara gömrük-sərhəd buraxılış məntəqəsində profilaktik tədbirlər ciddi şəkildə davam etdirilir.

AZƏRTAC xəbər verir ki, koronavirusun Azərbaycan ərazisinə keçməsinin qarşısını almaq məqsədilə gömrük-sərhəd buraxılış məntəqələri Dövlət Gömrük Komitəsi tərəfindən tibbi ləvazimatlarla təmin olunub. Postda xidmət göstərən inspektorlar əlcək və xüsusi tibbi maskalardan istifadə edirlər. Qonşu dövlətə səyahətə gedən vətəndaşlar Cənub Ərazi Baş Gömrük İdarəsi Astara Gömrük Postunun əməkdaşları tərəfindən maarifləndirilir və Azərbaycan Respublikasının ərazisinə gələn yük-nəqliyyat vasitələrinin sürücüləri və sərnişinlər xüsusi cihazlar vasitəsilə yoxlanılır.

İrandan qayıdan Lənkəran sakini Əli Salayev deyir ki, Astara gömrük-sərhəd buraxılış məntəqəsində ciddi yoxlanışdan sonra İrana keçmişdi: “Bizə İranda koronavirusun yayıldığı barədə məlumat verilmişdi və qonşu ölkədə diqqətli və ehtiyatlı olmaq tövsiyə edilmişdi. Sərhədi səhər keçmişik, indi də qayıdırıq. Qayıdanda da ciddi tibbi yoxlamalar aparıldı. Gömrük işçiləri bizim üçün əlverişli şərait yaradıblar. Bütün sərhəd-keçid məntəqəsində dərmanlama işləri görülür”.

Gömrük-sərhəd buraxılış məntəqəsində yoxlamadan keçənlərdən biri də Astara sakini Tofiq Həsənovdur: “İran ərazisinə keçmişdim. Keçərkən mənə tibbi maska taxmağı tövsiyə etdilər və lazım olan ləvazimatlar verildi. Koronavirusa yoluxmamaq üçün İran ərazisində çox diqqətli olmağımız tapşırıldı. İndi isə doğma rayonuma qayıtmışam. Yenə də tibbi yoxlamadan keçdik və şükürlər olsun ki, hər hansı problem olmadı”.

Sərnişin-nəqliyyat və piyada xəttində stasionar termovizor qurğuları quraşdırılıb. Həmin termovizor qurğularının yanında müfəttişlər 24 saat fəaliyyət göstərir. Bu aparatlar səyahətçilər arasında hərarət yüksəkliyi görünərsə, dərhal siqnal səsi verir və birbaşa Səhiyyə Nazirliyi, eləcə də təcili tibbi yardım xidmətinə məlumat ötürülür.

Cənub Ərazi Baş Gömrük İdarəsi Astara Gömrük Postunun rəisi Habil Mehdiyev bildirib ki, Çində yeni tip koronavirusun yayılması təsdiqini tapdıqdan sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən dərhal xüsusi sərəncamlarla yerlərə göstəriş verilib və virusun yayılmasının qarşısını almaq məqsədilə müvafiq tədbirlər görülüb. Bu günə kimi 3 İran, 1 Rusiya və 1 Malayziya vətəndaşında yüksək hərarət aşkarlanıb və tibbi yardım xidmətinə təhvil verilib. Onlara rayon xəstəxanasında yoxlanışdan keçdikdən sonra adi soyuqdəymə diaqnozu qoyulub”.

Gün ərzində Azərbaycan-İran sərhədindən 8000-ə yaxın insan keçir. Qarşıdan gələn bayram və ziyarət günlərində gömrük-sərhəd buraxılış məntəqəsi gücləndirilmiş iş rejimində çalışacaq.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə virusa yoluxanların sayı 18 nəfərə çatıb. Artıq dörd nəfər həyatını itirib. Yoluxma halları Tehran, Qum və Ərak şəhərlərində, Gilan vilayətində qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.