CƏMİYYƏT


Körpələrin dərisində yaranan bişməcələr

Bakı, 10 avqust, AZƏRTAC

Yay aylarında uşaqların dərisində bir çox problemlər müşahidə edilir. Onların dərisi zərif və həssas olduğuna görə tez-tez qızartılar qaşınmalar və müxtəlif səpgilər yaranır.

Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova AZƏRTAC-a deyib: “Uşaqların dərisi böyüklərlə müqayisədə iki dəfə daha həssas və nazikdir və buna görə onların dərisi ətraf mühitin zərərli təsirlərinə qarşı daha davamsız olur. Yaz və yay aylarında onlarda avitaminoz yaranır, ağac və çiçəklərin tozcuqları allergik reaksiyalar verə bilir. Ona görə də həmin mövsümdə uşaqlarda daha çox dəri problemləri yaranır”.

Bəzən həşərat dişləmələri də dəridə səpgilərə səbəb olur. Belə halda qızartı görən kimi bəzi valideynlər həmin nahiyəyə dərhal spirt vururlar. Həkimlər bunun yanlış olduğunu deyirlər.

“Spirtin dərinin qoruyucu təbəqəsini aradan qaldırdığını nəzərə alsaq, ondan istifadə etməyin doğru olmadığı aydın olar. Bu zaman qidalandırıcı və bərpaedici kremlərdən, məsələn, bişməcə və zədələnmələr zamanı çaytikanı yağından istifadə etmək olar”,- deyə həkim-dermatoloq bildirib.

İsti havada körpənin əsasən bez istifadə edilən nahiyəsində bişməcələr əmələ gəlir. Pediatrlar tez-tez bezi dəyişdirməyi və uşaqları çimizdirməyi məsləhət görürlər.

Həkim-dermatoloq deyib: “İsti havada körpənin əyninə açıq rəngli və pambıq parçadan olan paltar geyindirilməlidir. Uzun müddət havasız qalmasının və bişməcələr yaranmasının qarşısının alınması üçün bez nahiyəsi tez-tez havalandırılmalı və bezlər tez-tez dəyişdirilməlidir. Bundan başqa yay fəslində allergik səpgilərlə özünü göstərən övrələr də yaranır”.

Həkimlər uşaqların dərisində yaranan problemlərə ciddi yanaşmağı və vaxtında müalicəyə başlamağı tövsiyə edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.