İQTİSADİYYAT
Korporativ idarəetmə prinsiplərinin kiçik və orta sahibkarlıq subyektlərində tətbiqinə dair təlim keçirilib
Bakı, 16 dekabr, AZƏRTAC
Dekabrın 15-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə korporativ idarəetmə prinsiplərinin kiçik və orta sahibkarlıq (KOS) subyektlərində tətbiqi ilə bağlı "Korporativ idarəetmə" mövzusunda təlim keçirilib. Təlim Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin icrasını təmin etmək məqsədilə təşkil olunub.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimdə nazirliyin korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə və həmin sektorun əməkdaşı Nicat Eyvazzadə korporativ idarəetmənin mahiyyəti və əhəmiyyəti, prinsipləri və onun əhatə etdiyi sahələr barədə məlumat verib, mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.
Tədbirdə kiçik və orta sahibkarlıq subyektlərinin nümayəndələri iştirak ediblər.