ELM VƏ TƏHSİL
“Körpü” jurnalında Əlyazmalar İnstitutu barədə məqalə dərc olunub
Bakı, 28 sentyabr, AZƏRTAC
İran İslam Respublikasının Təbriz şəhərində nəşr olunan “Körpü” jurnalında Təbriz Azad Universitetinin professoru Məhəmmədəmin Soltan əl-Qorrayinin “Bakı yaddaşı” məqaləsi dərc olunub. Ötən ilin noyabrında Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda respublikamızın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilmiş “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda keçirilmiş birinci beynəlxalq elmi –nəzəri konfransda iştirak etmiş təbrizli alim təəssüratlarını “Körpü”nün oxucuları ilə bölüşüb.
Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildiriblər ki, professor Məhəmmədəmin Soltan əl-Qorrayi həmin konfransda “Şah İsmayıl Xətai “Külliyyat”ının nadir əlyazma nüsxəsinin tanıdılması” mövzusunda məruzə ilə çıxış edib.
Müəllif “Bakı yaddaşı” adlı yazısında Əlyazmalar İnstitutunda səmimi qarşılanmasından, konfransdakı çıxışından, yerli mətbuat orqanlarına verdiyi müsahibələrdən ətraflı bəhs edir. O, konfransdakı məruzəsinin qısa məzmununa toxunduqdan sonra Əlyazmalar İnstitutunun geniş Sərgi salonundan, Hüseyn Cavidin Ev Muzeyindən, buradakı nadir eksponatlardan söhbət açır. Təbrizli alim institutun tarixinə ekskurs etməyi, burada ilk əvvəl Qızlar Gimnaziyasının olmasını, sonra hökumətin rəsmi iclaslarının həmin binada keçirilməsini xatırlatmağı da unutmur.