CƏMİYYƏT
Korrupsiya ilə mübarizənin sərtləşdirilməsi vətəndaş-məmur münasibətlərinin sağlam prinsiplər üzərində qurulmasına xidmət edir
Bakı, 12 may, AZƏRTAC
Bu gün ölkəmizdə aparılan dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları çox intensiv şəkildə davam etdirilməkdədir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Ağayeva bildirib.
Deputat qeyd edib ki, korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulmasına xidmət edir. Hər birimizə məlumdur ki, bu gün cəmiyyətimizdə bəzi məmurların öz vəzifələrindən sui-istifadə etməsi, vətəndaşlarla ünsiyyətdə kobudluğa və ya hüquq pozuntusuna yol verməsi ictimai narazılıqlara gətirib çıxarır. Prezident İlham Əliyevin göstərişi ilə bu kimi neqativ halların aradan qaldırılması istiqamətində aparılan islahatlar sözsüz ki, hər bir Azərbaycan vətəndaşı tərəfindən rəğbətlə qarşılanır.
“Son zamanlarda müşahidə etdiyimiz hadisələr, əsasən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Ağstafa, Yevlax, Biləsuvar, İmişli və Neftçala rayonlarında, Mədəniyyət Nazirliyində keçirilən əməliyyatlar cəmiyyətdə mövcud narazılıqların aradan qaldırılması istiqamətində atılan addımlardan biridir. Çirkin əməllər törədən bəzi məmurların cinayət məsuliyyətinə cəlb olunması belə özbaşınalıqlardan əziyyət çəkmiş insanlara ədalətin bərqərar olmasına dair ümid verməklə yanaşı, ölkədə korrupsiyaya qarşı ciddi mübarizə aparılmasını bir daha nümayiş etdirir. Prezident öz çıxışlarında hər zaman çağırışlar edir, məmurları düzgün, ədalətli olmağa çağırır. Təbii ki, bu çağırışlara riayət edən məmurlarla yanaşı, biz bu gün fərqli mövqe sərgiləyən məmurların da olduğunu görürük. Məmurların xəyanət yolunu seçməsi həm hüquqi, həm də mənəvi baxımdan bağışlanılmazdır.
Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın bütün sahələrlə yanaşı mədəniyyət sahəsində gördüyü işlər, mədəniyyət incilərimizin qorunması, onların başqa ölkələrdə tanıdılması istiqamətində həyata keçirdiyi layihələr bir örnəkdir, amma biz bu gün bu sahədə çalışan məmurların bu örnəkdən bəhrələnmək əvəzinə başqa yanlış addımlar atdığının şahidi oluruq. Ümidvaram ki, nəhayət, tutduğu vəzifədən asılı olmayaraq, düzgün yolda olmayan bəzi məmurlar son zamanlarda baş verən hadisələrdən nəticə çıxararaq Prezidentimizin məmurlarda görmək istədiyi keyfiyyətləri özlərində aşılayacaqlar. Məsuliyyət, peşəkarlıq və ən əsası xalqına məhəbbət, dövlətinə sədaqət prioritet olmalıdır”, - deyə Milli Məclisin deputatı vurğulayıb.