CƏMİYYƏT
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər
Bakı, 22 noyabr, AZƏRTAC
Portuqaliyanın paytaxtı Lissabonda Korrupsiyaya Qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya Qarşı Avropa Əlaqələndiricilər Şəbəkəsi (EACN) tərəfindən bu ölkənin Daxili İşlər Nazirliyinin dəstəyi ilə 17-ci illik Peşəkar Konfrans və Baş Assambleyasının növbəti iclası keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Avropanın 35 ölkəsindən 160-a yaxın nümayəndə, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşan beynəlxalq qurumların təmsilçiləri və vəzifəli şəxslər iştirak ediblər.
Ölkəmizi bu mötəbər tədbirdə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməliyyat təminatı şöbəsinin rəisi Fuad Rəsulov və Baş İdarənin təşkilati və informasiya təminatı idarəsinin prokuroru Elnur Hümbətov təmsil ediblər.
Tədbirin açılışında Portuqaliyanın daxili işlər naziri Eduardo Kabrita və Avropa Tərəfdaşları Təşkilatı və Korrupsiyaya Qarşı Avropa Əlaqələndiricilər Şəbəkəsinin prezidenti Andreas Vieselhaler çıxış edərək Assambleya iştirakçılarını salamlayıblar.
İclasda Avropada və dünyada korrupsiyaya qarşı mübarizə səylərinin inkişafının ölçülməsi, korrupsiyaya qarşı mübarizə sahəsində təşkilata üzv ölkələr tərəfindən qazanılmış ən yüksək təcrübələrin öyrənilməsi, dünya ölkələrində korrupsiya hüquqpozmalarına şərait yaradan halların aradan qaldırılması, elektron dövlətin rolu, şəffaflığın təmin olunması, vəzifəli şəxslərin xidməti fəaliyyətinin, peşəkarlıq səviyyəsinin artırılması məqsədilə korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının pozulmasının qarşısının alınması, vətəndaş-məmur münasibətlərində etik normalara əməl olunması kimi preventiv tədbirlərin həyata keçirilməsi və bu kimi aktual mövzular geniş müzakirə edilib. Risklərin idarə və analiz edilməsi, eləcə də məlumatların qorunması üzrə işçi qruplar tərəfindən aparılan təhlillərin nəticələri dinlənilib.
Tədbir çərçivəsində Azərbaycan nümayəndə korrupsiyaya qarşı mübarizə üzrə ölkəmizdə aparılan mütərəqqi tədbirlər, Prezident İlham Əliyev tərəfindən reallaşdırılan institusional və qanunvericilik islahatları, o cümlədən Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi və “ASAN xidmət” haqqında məlumat veriblər. Bu məlumatlar iştirakçıların böyük marağına səbəb olub.
İştirakçılara Azərbaycanın bu sahədə nailiyyətlərinə dair məlumatların toplandığı buklet və broşürlər paylanılıb.