CƏMİYYƏT


Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları ötən il 39 şəxsi cinayət başında yaxalayıb

Bakı, 25 yanvar, AZƏRTAC

Ötən il Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları vəzifələrini uğurla icra edib. Keçirilən əməliyyat tədbirləri nəticəsində 39 şəxs cinayət başında yaxalanıb. Əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə olunan məlumatlar əsasında 76 cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bunu Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikası Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə videokonfrans rejimində keçirilən geniş kollegiya iclasında deyib.

Kamran Əliyev bildirib ki, hesabat dövründə respublikanın paytaxtında və digər şəhər və rayonlarda koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması tədbirlərinə zidd olaraq, qanunsuz hərəkətlərə yol vermiş şəxslər barəsində, o cümlədən aztəminatlı ailələrə ayrılmış yardım paylarının mənimsənilməsi, təyinatından kənar və ya ədalətsiz bölüşdürülməsi, yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən xüsusi karantin rejimində sərbəst hərəkət hüququ verən 800-dən çox arayışın verilməsi faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə 415 cinayət işi başlanıb. Bu işlərdən 334-ü karantin rejimimin sərtləşdirilməsi ilə əlaqədar prokuror nəzarətinin gücləndirilməsi tədbirlərindən sonra başlanıb.

Həmçinin epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozan şəxslərə qarşı Baş Prokurorluğun yeni yaradılmış cinayət təqibindən kənar icraatlar idarəsi və müvafiq rayon prokurorluqları tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraatlar başlanmaqla, qanunsuz olaraq toplantılar keçirmə, qoruyucu vasitələrdən istifadə etməmə, 8103 qısa SMS xidmətinə müraciət etmədən icazəsiz yaşayış yerlərini tərk etmə və digər pozuntulara yol verdiklərinə görə rayon (şəhər) məhkəmələrinin qərarları ilə 45 nəfər barəsində inzibati həbs və cərimə tənbehləri seçilib.

Eyni zamanda, sosial şəbəkələrdə dövlət orqanlarının həyata keçirdiyi tədbirlərə kölgə salan 23 təxribat xarakterli informasiyanın yayılması faktları araşdırılmaqla, həqiqəti əks etdirməyən həmin məlumatları ictimailəşdirən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb, 2 şəxsə qanun pozuntusuna yol verməkdən çəkindirmək haqqında xəbərdarlıq edilib.

Xüsusi vurğulanıb ki, hesabat dövründə Respublika Hərbi Prokurorluğu orqanları da fəaliyyətini müharibə dövrünün tələblərinə uyğun qurmaqla Ermənistan hərbi birləşmələrinin hərbi qulluqçularımıza qarşı törətdikləri cinayət faktlarının araşdırılmasında öz üzərlərinə düşən vəzifələri layiqincə icra edib. Eləcə də cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınması, ordu quruculuğuna mənfi təsir edə biləcək nöqsanların və qanun pozuntularının vaxtında aşkarlanaraq aradan qaldırılması təmin edilib. 2019-cu illə müqayisədə ötən il törədilmiş hərbi xidmət əleyhinə cinayətlər və qeyri-hərbi cinayətlər əhəmiyyətli dərəcədə azalıb.

Hesabat dövründə hərbi prokurorluq orqanları tərəfindən 1182 cinayət hadisəsi qeydə alınıb ki, onlardan 296-sı korrupsiya cinayətləri ilə bağlı olub. Həmin dövrdə hərbi prokurorluq orqanları tərəfindən korrupsiya cinayətləri üzrə 90 şəxs barəsində 61 cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə hərbi məhkəmələrə göndərilib.

Diqqətə çatdırılıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 2021-ci il yanvarın 1-dək ümumilikdə 297 şəxsin Azərbaycan xalqına qarşı müharibə və digər cinayətləri törətmələri sübuta yetirildiyindən, onlar barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul olunub. Həmin şəxslərin barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib və axtarışlarının təmin edilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.