CƏMİYYƏT
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin nümayəndə heyəti COVID-19 ilə bağlı onlayn beynəlxalq konfransda iştirak edib
Bakı, 30 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin nümayəndə heyəti cari il iyulun 28-də Filippinin paytaxtı Manilada Asiya İnkişaf Bankının (ADB) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Asiya-Sakit Okean Anti-Korrupsiya Təşəbbüsü çərçivəsində “COVID-19 çağırışlarının cavablandırılması və bərpasında dürüstlüyün qorunması” mövzusunda videoformatda keçirilmiş tədbirdə iştirak edib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müxtəlif dövlətlərin 100-dən artıq təmsilçisinin qatıldığı tədbirdə Azərbaycan Respublikasının nümayəndə heyəti qismində Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi Səbuhi Alıyev, o cümlədən Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Elnur Hümbətov iştirak ediblər.
Tədbirdə COVID-19 ilə mübarizə çərçivəsində şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə istiqamətində aparılan islahatlara dəstək, iştirakçı ölkələr arasında əldə olunmuş ən yüksək təcrübələrin öyrənilməsi və beynəlxalq qurumlarla bu sahədə qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi sahəsində geniş müzakirələr aparılıb.
Qeyd edək ki, cari ildən etibarən Azərbaycan Respublikası ADB-nin və OECD-nin Asiya qitəsi və Sakit okean regionu üçün nəzərdə tutulmuş Korrupsiyaya Qarşı Mübarizə üzrə Fəaliyyət Planına qoşulub.