ELM VƏ TƏHSİL


Kosmik sənayenin inkişafı dövlətimizin növbəti uğurudur

Bilik Fondu “Azərspace 2” peykinin orbitə çıxarılması ilə bağlı tədbir təşkil edib

Bakı, 10 oktyabr, AZƏRTAC

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı, Yasamal Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Azərspace 2” peykinin orbitə çıxarılması hadisəsinə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Bu barədə AZƏRTAC-a Bilik Fondundan bildirilib.

Gənclərin iştirak etdiyi tədbiri rayon icra hakimiyyəti ictimai-siyasi və humanitar şöbəsinin müdir müavini Nazilə Rəhimova açaraq Bilik Fondu ilə birgə həyata keçirilən silsilə tədbirlər barədə məlumat verib.

Yasamal Rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizəçisi Azər Zeynalzadə ölkənin texniki sahədə inkişafında gənclərin rolundan bəhs edib və dövlətin bu istiqamətdə apardığı islahatların əhalinin sosial rifahına müsbət təsir etdiyini söyləyib.

Bilik Fondunun mətbuat katibi Ceyhun Musayev təmsil etdiyi qurumun əsas məqsədi barədə danışıb. Bildirib ki, fondun məqsədi əhalinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji, humanitar biliklərinin artırılması, azərbaycançılıq məfkurəsinin və milli-mənəvi, dini dəyərlərin təbliği, ölkənin daxili və xarici siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılması, gənclərin elmi biliklərinin artırılması, Azərbaycan elminin dünyada, dünya elminin ölkəmizdə tanıdılmasına xidmət göstərməkdir. Bugünkü tədbirin mövzusundan söz açan C.Musayev “Azərspace 2” peykinin orbitə çıxarılmasının xalqımızın həyatında müstəsna əhəmiyyətə malik hadisə olduğunu diqqətə çatdırıb.

Tədbirdə bu hadisə ilə bağlı Prezident İlham Əliyevin sentyabrın 26-da xalqa ünvanladığı təbrikin videosu nümayiş olunub.

Sonra İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri, Bilik Fondu lektorlar qrupunun üzvü, iqtisadçı-ekspert Vüqar Bayramov “Kosmik sənayenin inkişafı dövlətimizin növbəti uğurudur” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi “Azərspace 2” peykinin xalqa və dövlətə böyük dividentlər gətirəcəyini söyləyib və bu hadisənin informasiya və kommunikasiya texnologiyaları sahəsində növbəti inqilabi hadisə sayıla biləcəyini, peykin imkanlarının həddindən artıq geniş olduğunu deyib. Bildirilib ki, "Azərspace 2" həm də tədqiqat sahəsində istifadə edilə bilər, ondan internet təchizatı, televiziya və radio yayımı ilə yanaşı, hərbi və digər məsələlərdə də faydalanmaq olar. Bu, ölkə iqtisadiyyatının, o cümlədən İKT sahəsinin inkişafına, informasiya təhlükəsizliyinin təmin olunmasına böyük təkan verəcək. Ekspert "Azərspace 2"nin ölkəmiz üçün iqtisadi əhəmiyyətinin danılmaz olduğunu bildirib: ”Azərbaycanın kosmik sənayedə əldə etdiyi nailiyyətlər həm də qeyri-neft sektorunun inkişafı deməkdir. Çünki kosmik sənayenin uğuru iqtisadiyyatın bu sahəsində inkişafı stimullaşdırır. Azərbaycanın orbitə çıxardığı peyklər kosmik xidmətlər bazarında yerini möhkəmləndirir.

Sonda dinləyicilərin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.