MƏDƏNİYYƏT
Kövkəb Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
Bakı, 18 sentyabr, AZƏRTAC
Sentyabrın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Kövkəb Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbinin əsaslı təmirdən sonra rəsmi açılışı olub. Milli Musiqi Gününə təsadüf edən açılış mərasimini məktəblilər böyük sevinclə qeyd ediblər.
AZƏRTAC xəbər verir ki, mərasimdə iştirak edən Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov əvvəlcə məktəbin fəaliyyəti haqqında məlumatın yer aldığı və milli musiqi alətlərimizin nümayiş olunduğu stendlə tanış olub. Anar Kərimov məktəbin əsaslı təmirdən sonra açılışının məhz Milli Musiqi Günündə keçirilməsinin rəmzi məna daşıdığını diqqətə çatdırıb və kollektivi təbrik edib.
Açılışdan sonra sinif otaqlarına baxış keçirilib. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov məktəbdə görülən təmir və yenidənqurma işləri haqqında Mədəniyyət nazirinin birinci müavininə məlumat verib. Sinif otaqlarında quraşdırılan müasir musiqi avadanlıqları ilə tanış olan Anar Kərimov burada hər dərsə uyğun alətlərinin yer almasını, şagirdlərin tədrisi üçün zəruri ləvazimatla təchizini təqdir edib.
Məktəbin foyesində ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin gənc nəslin musiqi təhsilinə göstərdiyi diqqət və qayğını əks etdirən geniş fotostendlə də tanış olan Anar Kərimov Ümummilli Liderin mədəniyyətimizin, o cümlədən musiqi sənətimizin böyük hamisi olduğunu vurğulayıb. Bildirib ki, ulu öndər Heydər Əliyev 1995-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum gününün - 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd edilməsi ilə bağlı xüsusi Fərman imzalayıb. Hər il xalqımız bu bayramı qeyd edir. Ümummilli Liderin mədəniyyətimizə qayğıkeş münasibəti bu gün ölkə rəhbərliyi tərəfindən davam etdirilir.
Anar Kərimov bir daha məktəbin kollektivinə təbriklərini çatdırıb və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Məlumat verilib ki, sözügedən uşaq musiqi məktəbi 1 iyun 1961-ci il tarixindən Yasamal rayonu, H.Cavid prospekti, 4 ünvanında, yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Ümumi sahəsi 449 kvadratmetr olan məktəb 56 nəfərlik zaldan, 27 sinif otağından, 2 inzibati otaqdan ibarətdir.
Fortepiano, simli və nəfəsli alətlər, xalq çalğı alətləri, nəzəriyyə, ümumi fortepiano şöbələrinin fəaliyyət göstərir. Burada fortepiano, violin, fleyta, truba, tar, kamança, qanun, qarmon, nağara, vokal, violonçel, gitara kimi ixtisaslar tədris edildiyi məktəbdə 126 nəfərdən ibarət müəllim heyəti və 500 nəfərlik şagird kontingenti var.
Diqqətə çatdırılıb ki, bu məktəbin yetirmələri yerli və beynəlxalq müsabiqələrdə çıxışları və qazandıqları uğurlarla müəllimlərin etimadını hər zaman doğruldublar.
Sonda musiqi məktəbinin müəllim və şagird kollektivinin ifasında konsert proqramı təqdim edilib.
Qeyd edək ki, uşaq musiqi məktəbinin açılışında Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov da iştirak edib.