MƏDƏNİYYƏT
Kövrəklik qarışıq qürur
Bakı, 23 iyun, AZƏRTAC
Nigar Rəfibəylinin şeir dünyasının işığı onu oxuyanın duyğularını, duyumunu, ürəyini nurlandırır. Hamının müşahidə etdiklərini Nigar Rəfibəyli tamam başqa formatda, tamam başqa yozumda müşahidə edirdi və bu bənzərsiz müşahidə bənzərsiz misralara, şeirlərə çevrilirdi.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Səbinə Xasayevanın Xalq şairi Nigar Rəfibəylinin əziz xatirəsinə həsr etdiyi “Kövrəklik qarışıq qürur” yazısında yer alıb.
Yazıda deyilir: “Şairin lirikasında musiqililik aydınlığıyla seçilir. Yəni misralar (bütövlükdə şeir) öz musiqisi ilə oxunur, dərk edilir. Hamımızın əzbərində olan “Ala gözlüm” şeiri bu baxımdan xarakterikdir. Sevgi şeiridir, həsrətin şeiridir. Bəlkə buna görə belə duyğusaldır? Həsrətlə ötüşən gecənin ömrünün il qədər uzun olduğunu, həsrətə görə bağçadakı güllərin hər səhər tezdən açıb vaxtsız solduğunu deyən şair çarəsizliyin şeirini yazıb:
Nərgizlərin gözü yaşla dolanda,
Bənövşələr baxıb qəmgin olanda,
Qərənfilin gözü yolda qalanda
Yasəmənlər saçını yolur, neyləyim?
“Günəşdən gənclik istədim”, “İşıqlı dünyam”, “Dənizin səsi gəlir” kimi kitabları Azərbaycan poeziyasında oxucu sevgisi qazanmış kitablardandır. Filologiya elmləri doktoru tənqidçi Vaqif Yusifli Xalq şairi Nigar Rəfibəylinin poeziyasını çiçək dünyası adlandırır. Çiçəklər gözəlliyin rəmzidir, Nigar Rəfibəylinin şeirləri duyumun poeziyasıdır.
Bu gün Xalq şairi Nigar Rəfibəylinin anadan olduğu gündür. Şeir həvəskarı və Nigar Rəfibəyli poeziyasının vurğunu kimi şairənin xatirəsinin ehtiramla anırıq”.