SİYASƏT


Kral Beynəlxalq Münasibətlər İnstitutunda Azərbaycanın xarici siyasət prioritetləri barədə danışılıb

London, 12 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizin Böyük Britaniyadakı səfirliyinin təşəbbüsü ilə Londonda, dünyanın ən qabaqcıl beyin mərkəzlərindən biri olan Kral Beynəlxalq Münasibətlər İnstitutunda (Chatham House) “Yeni Reallıqlar altında Azərbaycanın xarici siyasət prioritetləri” mövzusunda çıxış edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Azərbaycan diplomatiyasının 100 illiyinin böyük təntənə ilə keçirildiyini bildirən Hikmət Hacıyev Azərbaycanın bugünkü xarici siyasətini formalaşdıran amillər və ölkəmizin xarici siyasət prioritetləri barədə qonaqlara məlumat verib. Ölkəmizin xarici siyasətdə kənarlaşdırıcı deyil, inklüziv yanaşmanı rəhbər tutduğunu bildirən H.Hacıyev bu gün Azərbaycanın dünya dövlətləri ilə balanslaşdırılmış və faydalı münasibətlərinin olduğunu nəzərə çatdırıb.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri qeyd edib ki, təbii sərvətlərə malik olan ölkələrin heç də hamısı Azərbaycan qədər müvəffəqiyyətli olmur və bu mənada ölkəmiz inkişaf etməkdə olan ölkələr üçün model təşkil edir.

Şöbə müdiri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycanın xarici siyasətinin ən əsas hədəfi olduğunu bildirib və auditoriyaya sülh danışıqlarının son vəziyyəti barədə məlumat verib. O, yalnız ədalətli sülhün dayanıqlı sülh olduğunu nəzərə çatdıraraq əlavə edib ki, Azərbaycan substantiv danışıqlar deyərkən Ermənistanın qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasını və işğala son qoyulmasını nəzərdə tutur. H.Hacıyev Ermənistanı işğal siyasətindən əl çəkməyə və regional inteqrasiyadan maksimum faydalanmağa çağırıb.

Daha sonra H.Hacıyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın beynəlxalq tərəfdaşlıqları, qonşu ölkələrlə münasibətləri, Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq sənədinin razılaşdırılması ilə bağlı hazırkı vəziyyət, ölkəmizin Şərq Tərəfdaşlığındakı rolu, onun inkişaf etməkdə olan ölkələrlə diplomatik münasibətlərinin perspektivləri, habelə Brexit-dən sonra Azərbaycan və Böyük Britaniya arasında münasibətlər, “Bir kəmər, bir yol” təşəbbüsü və sair barədə sualları cavablandırıb.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.