DÜNYA
Kraliça II Elizabet “Böyük yeddilik” ölkələrinin liderləri ilə görüşüb
London, 12 iyun, AZƏRTAC
Böyük Britaniya Kraliçası II Elizabet “Böyük yeddilik” Zirvə görüşünə qatılan ölkələrin liderləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Kornvol şəhərində keçirilən Zirvə görüşünə qatılan ölkələrin liderlərini qonaq edən Kraliça 40 dəqiqəlik qəbuldan sonra sosial məsafə qaydalarını qoruyaraq xatirə şəkli çəkdirib.
Görüşdə kraliçanı oğlu Uels şahzadəsi Çarlz, gəlini Kornvol hersoqovinası Kamilla, nəvəsi Kembric hersoqu Viliam və həyat yoldaşı hersoqovina Keyt müşayiət ediblər.
Dünya liderləri ilə tək-tək görüşən şahzadə Çarlz çıxışı zamanı onlardan koronavirus pandemiyasına görə apardıqları mübarizəni iqlim dəyişikliyi üçün də göstərmələrini istəyib.
Qeyd edək ki, bu, COVID-19 pandemiyası başladıqdan sonra G7 liderlərinin ilk canlı sammitidir.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London