DÜNYA


Kraliça II Elizabet iyunun 13-də Vindzor qəsrində Cozef Baydenlə görüşəcək

Bakı, 3 iyun, AZƏRTAC

Böyük Britaniya kraliçası II Elizabet iyunun 13-də Vindzor qəsrində ABŞ Prezidenti Cozef Baydeni və onun həyat yoldaşını qəbul edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Buckingham sarayı məlumat yayıb.

“Kraliça 2021-ci il iyunun 13-də Vindzor qəsrində Birləşmiş Ştatlar Prezidenti Cozef Bayden və Amerikanın birinci xanımı Cill Baydenlə görüşəcək”, - deyə kral ailəsinin “Twitter” sosial şəbəkəsində yayımlanan məlumatında bildirilir.

ABŞ Prezidenti iyunun 11-13-də Atlantik okeanı sahilindəki Kornuoll yarımadasında yerləşən Karbis-Bey kurort şəhərində keçiriləcək Yeddilər qrupunun (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya) sammiti ilə əlaqədar Birləşmiş Krallığa səfər edəcək. O, ABŞ-ın kraliça ilə görüşən 13-cü prezidenti olacaq. Cozef Bayden, II Elizabetin hakimiyyəti dövründə Ağ evə rəhbərlik edən 14-cü prezidentdir. Kraliça yalnız 1963-1969-cu illərdə ABŞ Prezidenti olmuş Lindon Consonla görüşməyib.

Bundan əlavə, Cozef Bayden Britaniya monarxının Vindzor qəsrində qəbul etdiyi dördüncü Amerika prezidenti olacaq. II Elizabet 1982-ci ildə Ronald Reyqanı, 2008-ci ildə Corc Buşu, 2016-cı ildə Barak Obamanı, 2018-ci ildə isə Donald Trampı London ətrafındakı iqamətgahında qəbul edib.

Maraqlıdır ki, Donald Tramp iki il öncə kraliça II Elizabetlə görüşdən sonra Şotlandiyadakı qolf kurortunda istirahət edərək Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmaq üçün Helsinki şəhərinə getmişdi. Cozef Bayden də 95 yaşlı monarxla görüşdən sonra Vladimir Putinlə iyunun 16-da keçirilməsi planlaşdırılan danışıqlarda iştirak etmək üçün Cenevrəyə uçacaq. O, İsveçrəyə gedərkən iyunun 14-də NATO iclasında iştirak etmək üçün Brüsseldə dayanacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.