DÜNYA


Kraystçörçdə törədilmiş terror aktları barədə videonu yayanlar məhkəmə qarşısında cavab veriblər

Tokio, 16 aprel, AZƏRTAC

Yeni Zelandiyanın Kraystçörç şəhərindəki məscidlərdə ötən ay törədilmiş terror aktları barədə videomaterialları yayan yeddi nəfər məhkəmə qarşısında cavab verməli olub.

AZƏRTAC xəbər verir ki, bu barədə “New Zealand Television” telekanalı məlumat yayıb.

Kraystçörç dairə məhkəməsinin hakimi Stiven О'Driskol bütün müttəhimləri dinlədikdən sonra onlardan dördünün girov müqabilində azad edilməsinə razılıq verməyib. Həmin şəxslərin sırasında ilk dəfə məhkəməyə cəlb edilən 44 yaşlı Filipp Arpsu və Ən-nur məscidində terror aktının fotolarını martın 16-da yayaraq “Hədəfə çatdıq!” şərhi yazmış 18 yaşlı yeniyetmə də var. Hakimin bildirdiyinə görə, müttəhimlərin barəsində cinayət işi davam etdiyindən onların hamısı nəzarət altında saxlanacaqlar.

Qalan üç nəfərin girov müqabilində azad edilməsinə baxmayaraq, onlara məscidlərə getmək və bu obyektlərə 500 metr məsafədə yaxınlaşmaq qadağan edilib. Onlara, həmçinin internetdən istifadə və ətrafdakı insanlarla ünsiyyət məhdudiyyəti də tətbiq edilib.

Xatırladaq ki, Yeni Zelandiya hökuməti Brenton Tarrant tərəfindən martın 15-də məscidlərə hücumun videoyazılarını arzuedilməz adlandıraraq, onların yayılmasını elə həmin gün qadağan edib. Ölkə qanunvericiliyinə görə, müvafiq qanunpozmalara görə maksimum cəza həmin şəxslərin 14 il müddətinə həbs olunmasını nəzərdə tutur.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.