İQTİSADİYYAT
“Kredaqro” MMC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil olub
Bakı, 26 avqust, AZƏRTAC
Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “Kredaqro” MMC-nin ümumi dəyəri 500 min manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, faizli, təmin edilmiş, sənədsiz, adlı istiqrazların sayı 5 min ədəd, nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 11 faiz, tədavül müddəti 18 aydır. Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaq. Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib. İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.