Krımın Azərbaycanlılar İcmasının başçısı Krım Muxtar Respublikası parlamentinin sədri ilə görüşdə iştirak etmişdir
AzerTAg.az
Bakı, 11 noyabr (AZƏRTAC). Krım Muxtar Respublikası (KMR) Ali Sovetinin sədri Vladimir Konstantinov Krımdakı milli cəmiyyət və icmaların rəhbərləri ilə görüşmüşdür. AZƏRTAC-a bu məlumatı Krım Azərbaycanlılar İcmasının sədri Rəhim Hümbətov vermişdir.
Görüşdə Respublika Ali Sovetinin sədrinin müavini Qriqori İoffe, KMR Ali Sovetinin Millətlərarası Münasibətlər və Deportasiya Edilmiş Vətəndaşların Problemləri üzrə Daimi Komissiyasının sədri Rəmzi İlyasov, Respublika Millətlərarası Münasibətlər və Deportasiya Edilmiş Vətəndaşların Problemləri Komitəsinin sədri Eduard Dudakov, Krım Respublikası “Millətlərarası həmrəylik” Birliyinin (KRMHB) sədri Vladimir Kazarin iştirak etmişdir.
V.Konstantinov görüş iştirakçılarına müraciət edərək bildirmişdir ki, Krım hökuməti milli icmaların problemlərinin həllində maraqlıdır və onlara hərtərəfli kömək etməyə hazırdır. O vurğulamışdır ki, Krımın Baş naziri Anatoli Mogilyov milli-mədəni cəmiyyətlərin qarşılıqlı fəaliyyətini dəstəkləmək əzmindədir, onunla da belə bir görüş təşkil ediləcək, həmin görüşdə icma rəhbərləri öz xahiş və təkliflərini, o cümlədən 2012-ci il üçün respublika büdcəsinin layihəsi ilə əlaqədar fikirlərini söyləyə biləcəklər.
V.Kazarin çıxışında vurğulamışdır ki, Krımda milli icmalarla qarşılıqlı fəaliyyət sahəsində müsbət təcrübə vardır. Vaxtilə müxtəlif festivalların, milli mədəniyyət günlərinin, folklor ansambllarının, milli qəzetlərin respublika büdcəsi hesabına maliyyələşdirilirdiyini xatırladan V.Kazarin ümid etdiyini bildirmişdir ki, bu təcrübə bərpa olunacaqdır.
E.Dudakov vurğulamışdır ki, Respublika Millətlərarası Münasibətlər və Deportasiya Edilmiş Vətəndaşların Problemləri Komitəsi 2012-2015-ci illərdə KMR milli azlıqlarına dəstək proqramını işləyib hazırlamışdır. Həmin proqramın qəbul edilməsi üçün deputatların onu dəstəkləməsini xahiş edən natiq bir məqama da diqqəti cəlb etmişdir ki, milli-mədəni icmalar tərəfindən müvafiq tədbirlər keçirilməsi, özfəaliyyət folklor kollektivlərinin dəstəklənməsi üçün həmin tədbirlərin maliyyəşdirilməsi üzrə müvafiq funksiyaların Respublika Millətlərarası Münasibətlər və Deportasiya Edilmiş Vətəndaşların Problemləri Komitəsinə qaytarılması zəruridir.
Görüşdə Krımın Azərbaycanlılar İcmasının sədri, Krım Respublikasının “Milli Həmrəylik” Birliyinin sədr müavini Rəhim Hümbətov da çıxış etmişdir. Azərbaycan icmasının başçısı çıxışında Krımda fəaliyyət göstərən bütün milli birliklərin üzləşdiyi ümumi problemlər haqqında söhbət açmışdır. Azərbaycan İcması adından muxtar Respublika parlamentinin başçısına təqdim edilmiş məktubda Krımda millətlərarası münasibətlərin yaxşılaşdırılmasına dair bir sıra təkliflər vardır. O cümlədən, yarımadanın paytaxtında Dostluq Evi yaradılması, KMR Nazirlər Şurası yanında Millətlərarası Şuranın işinin bərpa edilməsi, “Krım” Dövlət Teleradio Şirkəti Şəbəkəsində Krımın milli-mədəni təşkilatlarına efir vaxtı verilməsi, respublika səviyyəsində Həmrəylik Günü təsis edilməsi, habelə millətlərarası qarşılıqlı münasibətlər məsələsinə dair müntəzəm parlament dinləmələri aparılması təklif olunur.
Krım parlamentinin rəhbəri görüşə yekun vuraraq qeyd etmişdir ki, dövlətin siyasəti milli-mədəni cəmiyyətlərin dəstəklənməsinə yönəlməlidir. O demişdir: “Krım hökuməti bu vəziyyəti başa düşür və biz gələn il üçün büdcənin formalaşdırılması zamanı milli icmaların maraqlarını müdafiə edəcəyik”.
KMR Ali Sovetinin sədri V.Konstantinov milli cəmiyyət və icmaların rəhbərləri ilə görüşün yekunlarına əsasən bir sıra tapşırıqlar vermişdir.
Bu cür görüşlərin rübdə bir dəfə keçirilməsi planlaşdırılır.
Xəbərin mətnində orfoqrafik səhv var