İQTİSADİYYAT


Kriptovalyutalar sahəsindəki rezidentlərə güzəştlər ediləcək

Bakı, 23 may, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yüksək Texnologiyalar Parkında “Blockchain” texnologiyasına dair infosessiya keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli parkın fəaliyyəti, həmçinin “Blockchain” texnologiyasının əhəmiyyəti və onun Azərbaycanda müxtəlif sahələrdə tətbiqi barədə iştirakçılara məlumat verib. T.Kərimli bildirib ki, Yüksək Texnologiyalar Parkı “Blockchain” texnologiyasının tətbiqi istiqamətində layihələrin reallaşdırılmasına kömək göstərəcək.

O qeyd edib ki, Yüksək Texnologiyalar Parkının Pirallahıda olan mövcud infrastrukturundan istifadə edərək “Blockchain”, kriptovalyutalar və kriptomədənçilik sahəsində fəaliyyət göstərən rezidentlərə bir sıra güzəştlərin edilməsi də nəzərdə tutulur.

Azərbaycan “Blockchain” Cəmiyyətinin həmtəsisçisi, “Waves” şirkətinin regional meneceri Orxan Əhmədov “Blockchain” texnologiyası barədə təqdimatla çıxış edib.

O bildirib ki, “Blockchain” mərkəzləşdirilməmiş məlumatlar bazasıdır. Onun sözlərinə görə, ənənəvi məlumatlar bazası əsasən bir serverdə yerləşdirilir və paralel olaraq “backup”ı (surəti) başqa bir neçə serverdə saxlanıla bilir. “Blockchain” sistemində isə yeni bir əməliyyat həyata keçirildikdə əvvəlki məlumatlar silinmir və mövcud blok zəncirinə əlavə olunur. Çünki məlumatlar kopyalanaraq bütün kompüterlərin yaddaşında saxlanıldığına görə onları silmək də mümkünsüzdür.

“Burada toplanan məlumatlar istifadəçilər üçün əlçatandır. Ancaq məlumatlara kənar şəxslərin müdaxilə etmək imkanı yoxdur. Bu da texnologiyanın təhlükəsizliyinə zəmanət verir. Yeni texnologiyanın təqdim etdiyi üstünlüklərdən biri də əməliyyatlar həyata keçirilərkən vasitəçilərə ehtiyac duyulmamasıdır. Belə ki, aralarında əməliyyat aparmaq istəyən iki tərəf 3-cü şəxsin və ya təşkilatın müdaxiləsi olmadan istədiyi əməliyyatları həyata keçirə bilər”.

Qeyd edək ki, Yüksək Texnologiyalar Parkında hər ay mütəmadi olaraq “Blockchain” texnologiyasına dair infosessiyaların keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.