SİYASƏT
Kris Pinçer: Böyük Britaniya Azərbaycan ilə daha sıx əməkdaşlıq etməlidir
Bakı, 26 fevral (AZƏRTAC). Böyük Britaniya parlamentinin deputatı, icmalar palatasının enerji komissiyasının üzvü Kris Pinçer Londonda dərc olunan həftəlik “Parlamentary Brief” siyasi jurnalında Azərbaycan haqqında məqalə ilə çıxış etmişdir.
AZƏRTAC xəbər verir ki, britaniyalı deputat öz məqaləsində Azərbaycanın Asiya ilə Avropa qitələri arasında yerləşdiyini və zəngin enerji mənbələrinə malik olduğunu bildirmişdir.
Müəllif qeyd edir ki, bəzi müşahidəçilər “bizim Azərbaycan ilə nə qədər yaxın əlaqəmiz ola bilər və yaxud Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bizə nə dəxli vardır?” kimi düzgün olmayan fikirlər söyləyir və suallar verirlər. Belə suallar verən adamlar uzaqgörən deyillər, dünyanın iqtisadi və geosiyasi cəhətdən vahid bir sistem olmasını unudurlar və başa düşmürlər ki, bizim istəyimizdən asılı olmayaraq əlaqələrin qurulması labüddür.
K.Pinçerin fikrincə, Azərbaycan uzaqda yerləşdiyinə görə az tanına bilər. Lakin Azərbaycanın təsiri və nüfuzu yerləşdiyi regionun hüdudlarını aşaraq, Böyük Britaniya sahillərinə qədər gəlib çatmışdır.
Azərbaycanın təsir dairəsi və nüfuzu hər zaman belə olmamışdır. Vaxtilə Sovet İttifaqının tərkibində olan Azərbaycan çox kasıb yaşayırdı. Lakin azadlıq əldə etdikdən sonra Azərbaycan öz zəngin enerji resurslarından səmərəli istifadə edərək, qabaqcıl ölkəyə çevrilmişdir.
Xəzər regionundakı “Şahdəniz” yatağının işlənilməsindən sonra Azərbaycan təbii qaz ixrac edən ölkə olmuşdur. Azərbaycan Türkiyə ərazisi vasitəsilə Avropaya mavi yanacaq ixrac etmək niyyətindədir ki, bu da Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfə verəcəkdir.
Britaniyalı deputat bildirmişdir ki, rəsmi London Aİ-nin enerji təhlükəsizliyini təmin etmək məqsədi ilə neft və qaz idxalının şaxələnməsində maraqlı olmalı və Azərbaycanın həyata keçirməyə çalışdığı beynəlxalq əhəmiyyətli iqtisadi layihələri dəstəkləməlidir. Bu siyasət ümumilikdə bütün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına yardım edəcəkdir.
Müəllif qeyd etmişdir ki, hazırda Aİ mavi yanacağı Rusiya, Əlcəzair və Norveçdən alır. Böyük Britaniyanın özü isə qaz tələbatını əsasən Norveçin hesabına ödəyir ki, bu da ölkəni xarici idxaldan asılı vəziyyətə salır. Hazırda qaza olan tələbatın yalnız 30 faizi idxaldan asılıdır. Ancaq 2020-ci ildə qaz idxalından asılılıq 70 faiz təşkil edəcəkdir. Bu isə enerji böhranın baş verəcəyi təqdirdə, ölkə üçün mənfi nəticələrə gətirib çıxaracaqdır. On il əvvəl Britaniya enerji ixrac edən ölkə idi. İndi isə Britaniyanın özünün dayanıqlı enerji təminatına ehtiyacı vardır və bu ehtiyac artmaqdadır. Yaxın Şərqdə baş verən gərgin siyasi proseslər və silahlı qarşıdurmalar Avropanın enerji ehtiyacının ödənilməsinə daha böyük problemlər yaratmışdır. Bütün bunlar isə Azərbaycana diqqətlə yanaşmağı tələb edir.
Böyük Britaniyanın Azərbaycana böyük həcmdə investisiya qoyduğunu xatırladan deputat vurğulamışdır ki, Azərbaycanın telekommunikasiya, bank, tikinti sahələrinə də investisiya yatırmaq, bu ölkə ilə strateji əməkdaşlıq əlaqələrini daha da genişləndirmək lazımdır.
Məqalədə qeyd olunmuşdur ki, bu gün Azərbaycan inkişaf edir, yeniləşir və müasirləşir. Yeni yollar çəkilmiş, əhalinin kommunal tələbatları ödənilmişdir. Yeni və müasir istirahət mərkəzləri, beynəlxalq standartlara cavab verən hava limanları tikilib istifadəyə verilmişdir.
Azərbaycanın gənc nəsli Britaniya və Amerikanın siyasi modelinə baxır və nümunə götürürlər.
Müəllif sonda bildirmişdir ki, Böyük Britaniyanın nazirləri və deputatları Azərbaycanla sıx əlaqələr yaratmalı və bu ölkə ilə yaxından əməkdaşlıq etməlidirlər.