CƏMİYYƏT
Kristine Lomakina: Laboratoriyalarda müayinələr yüksək peşəkarlıqla aparılır
Bakı, 25 may, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun tabeliyində fəaliyyət göstərən laboratoriyaların yüksək səviyyədə olması bizi təəccübləndirdi. Burada aparılan müayinələr yüksək peşəkarlıqla həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Latviya Dövlət Bitki Nəzarəti Xidmətinin direktoru Kristine Lomakina Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına baxış keçirərkən deyib.
O, müasir texnologiya və avadanlıqlara malik laboratoriyaların fəaliyyəti və bu sahədə mövcud işin davamlı təkmilləşdirilməsi sahəsində aparılan işlərin təqdirəlayiq olduğunu söyləyib: “Çox şadam ki, bizim Tvininq layihəsi çərçivəsində nəzərdə tutulanların hamısı öz bəhrəsini verib. Azərbaycan mütəxəssisləri artıq layihə çərçivəsində öyrəndiklərini tədris edirlər. Laboratoriyalarda yüksək səviyyədə irəliləyişlər var. Təbii ki, metodlar, analizlər, təhlillər, eləcə də yeni müxtəlif təhlil alətləri inkişaf etməkdədir”.
Kristine Lomakina regionda fəaliyyət göstərən laboratoriyaların iş şəraiti ilə tanış olduqlarını və peşəkar kadrların çalışdığını qeyd edib: “Azərbaycanla çoxtərəfli əməkdaşlığımız mövcuddur. Bizim mütəxəssislər regionlarla tanışlıq zamanı bölgələrdə də müəyyən uğurların olduğunu görüblər. Hər zaman sizə dəstək göstərməyə hazırıq. Burada gördüklərimə əsasən deyə bilərəm ki, çox işlər görülüb, lakin əlbəttə ki, daha da irəli getmək də lazımdır”.