DÜNYA
Kristofer Nolanın “Oppenheymer” filminin treyleri yayımlanıb VİDEO
Bakı, 19 dekabr, AZƏRTAC
“Universal Pictures” kinostudiyası Kristofer Nolanın yeni “Oppenheymer” filminin treylerini yayımlayıb. Videoçarx bazar ertəsi günü kinostudiyanın yutub kanalında yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, film II Dünya müharibəsi zamanı amerikalı alimlərin tarixdə ilk atom bombasını hazırladıqları “Manhetten layihəsi” nüvə proqramından bəhs edir. Süjet Kay Berd və Martin Dj. Şervinin “Amerika Prometeyi: Dj. Robert Oppenheymerin zəfəri və faciəsi” kitabına əsaslanır. Robert Oppenheymer obrazını Killian Mörfi canlandırıb. Filmdə həmçinin Mett Deymon, Emili Blant, Robert Dauni (oğul), Florens Pyu, Hari Oldman və başqaları çəkilib. “Oppenheymer” filminin premyerası 2023-cü il iyulun 21-nə planlaşdırılır.
1942-ci ilin avqustunda ABŞ Prezidenti Franklin Ruzveltin nasist Almaniyasının son dərəcə güclü bomba hazırlamaq cəhdlərinə cavab olaraq irəli sürdüyü “Manhetten Layihəsi” proqramı üzərində elmi rəhbər Robert Oppenheymer də daxil olmaqla, 130 mindən çox insan çalışıb.
Rejissor Kristofer Nolan, həmçinin “Interstellar” (“Ulduzlararası”, 2014), “Başlanğıc” (2010), Betmen komiksləri seriyasından olan “Qara cəngavər” (2008-2012) filmlərin çəkib.