SİYASƏT
Kristofer Pinçer: Azərbaycana səfərimiz zamanı ölkənin sürətli inkişafının şahidi olduq VİDEO
Bakı, 31 may (AZƏRTAC, Əsəd Məmmədov). Azərbaycanda səfərdə olmaqdan çox məmnunuq. Səfərimiz zamanı Azərbaycanın sürətli inkişafının şahidi olduq. Bu inkişaf insanların rifahının yaxşılaşmasına xidmət edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa Azərbaycan Cəmiyyətinin (AAC) dəvəti ilə ölkəmizdə səfərdə olan Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Kristofer Pinçer mayın 31-də keçirdiyi mətbuat konfransında demişdir.
K.Pinçer səfər zamanı bir sıra önəmli görüşlər keçirdiklərini və həmin görüşlərdə mühüm məsələlərin müzakirə edildiyini diqqətə çatdırmışdır.
Azərbaycanda vətəndaşların rahatlığına xidmət edən “ASAN xidmət” mərkəzində olduqlarını bildirən K.Pinçer demişdir ki, belə xidmətin yaradılması korrupsiyaya qarşı mübarizə istiqamətində atılan çox önəmli addımdır.
Şəkidə məcburi köçkünlər üçün salınmış qəsəbədə də olduqlarını qeyd edən deputat orada öz evlərindən didərgin düşmüş insanların yaşayışı üçün hər cür şərait yaradıldığının şahidi olduqlarını söyləmişdir.
Qonaq Azərbaycanda olduqları qısa müddətdə ölkə və insanlar haqqında kifayət qədər məlumat əldə etdiklərini bildirmişdir.
Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi nəticəsində üzləşdiyi çətinliklərdən xəbərdar olduqlarını bildirən deputat Böyük Britaniyaya qayıdandan sonra bu məsələni parlamentdə qaldıracaqlarını vurğulamışdır. O demişdir: “Bu münaqişə bitməlidir və insanlar öz evlərinə qayıtmalıdırlar”.
Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun fəaliyyətinə toxunan K.Pinçer bildirmişdir ki, qrup iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin daha da genişləndirilməsinə kömək edir. Bu cür səfərlərin təşkili də münasibətlərin gələcək inkişafına təkan verir.