MƏDƏNİYYƏT


Kuala Lumpur Beynəlxalq Sənətkarlıq Festivalında Azərbaycan da təmsil olunub

Kuala Lumpur, 25 noyabr, AZƏRTAC

Malayziyanın Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Putracaya şəhərində Kuala Lumpur Beynəlxalq Sənətkarlıq Festivalı (KLICF-2017) keçirilib. Festivalda Azərbaycan da daxil olmaqla, 35 ölkədən sənətkarlar iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, dörd gün davam edən festivalda iştirakçı ölkələrin milli sənətkarlıq nümunələri, rəsm və keramika işləri, toxuculuq məhsulları və şirniyyatları nümayiş olunub. Festivalda əl işləri və sənətkarlıq nümunələrinin satışı da təşkil olunub.

Azərbaycan səfirliyi üçün ayrılmış pavilyonda müxtəlif eksponatlar, həmçinin ölkəmizin mədəniyyəti, tarixi, turizm imkanları haqqında jurnal və bukletlər, fotoşəkillər sərgilənib. Ziyarətçılərin böyük marağına səbəb olan pavilyonda milli suvenirlər, şirniyyatlar, ölkəmiz haqqında ingilis dilində nəşrlər paylanılıb. Eyni zamanda, malayziyalılara və xarici turistlərə Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri, turizm məkanları, milli mətbəxi haqqında məlumatlar verilib və onların sualları ətraflı cavablandırılıb.

“KLICF–2017” festivalının rəsmi açılış mərasimində Malayziyanın mədəniyyət və turizm naziri Mohamed Nazri bin Abdul Aziz iştirak edib. Festivalda iştirak edən ölkələrə, o cümlədən də Azərbaycan səfirliyinə sertifikat təqdim olunub.

Tədbir Argentina, Nepal, Tailand, Macarıstan, İndoneziya və Malayziyadan olan incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam edib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kuala Lumpur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.