QAN YADDAŞI


Kuala Lumpurda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Kuala Lumpur, 18 yanvar, AZƏRTAC

Yanvarın 18-də Azərbaycanın Malayziyadakı səfirliyində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Malayziyada akkreditə olunmuş diplomatik korpusun və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri, eləcə də soydaşlarımız iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları faciəni əks etdirən fotosərgi ilə tanış olublar. Sonra 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən səfir Qaley Allahverdiyev 20 Yanvar hadisələrinin mahiyyəti və acı nəticələri haqqında ətraflı məlumat verib. Diplomat 1990-cı ilin 20 yanvar gününün Azərbaycanın müasir tarixinin ən faciəli hadisələrindən biri olmaqla yanaşı, xalqımızın qəhrəmanlıq səhifəsinə, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrildiyini vurğulayıb. Sovet qoşunlarının Azərbaycanda dinc əhaliyə qarşı törətdiyi qanlı qırğının bəşəriyyətə qarşı həyata keçirilmiş dəhşətli terror aktı olduğunu qeyd edib.

Q.Allahverdiyev 20 Yanvar hadisələrindən dərhal sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində bəyanatla çıxış edərək bu vəhşiliyi kəskin şəkildə pislədiyini və məhz bu bəyanatdan sonra dünya ictimaiyyətinin Azərbaycanda baş verənlərdən xəbər tutduğunu diqqətə çatdırıb. 20 Yanvar hadisələrinə Ulu Öndərin Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra siyasi-hüquqi qiymət verildiyi, bu tarixin Ümumxalq Hüzn Günü elan edildiyi qeyd olunub. Azərbaycan xalqının hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad etdiyi bildirilib.

Səfir, həmçinin Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətindən də bəhs edib. Üzləşdiyi faciələrin Azərbaycanı müstəqillik yolundan döndərə bilmədiyini vurğulayan diplomat, ümummilli lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın regionun aparıcı dövlətinə və dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrildiyini deyib.

Sonra 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kuala Lumpur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.